Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Çoxdandır bu mövzunu açmaq istəyirdim... İlqar Kamili facebookdan tanımışam. Bir neçə kitabını və demək olar bütün şeirlərini oxumuşam, çox sevdiyim, ruhuma yaxın şairlərdən birinə çevrilib. Bu mövzuda onun romanlarından sitatlar və sevdiyim şeirlərini paylaşacam, həm özüm üçün həm ədəbiyyatsevənlər üçün. İstəyən mənə qoşula bilər) 

 

 

1486614_1572966436273262_7196162285814885942_n.jpg

Edited by NOIR
Link to post
Share on other sites
  • 1 month later...

Əl mərd, göz namərddi, deyərdi; əmin-əmin deyərdi, arxayın-arxayın deyərdi, qəşəngcə gülərdi də ardınca. Elə bilərdin ayə oxuyur, elə bilərdin hədis danışır, ağır bir işə başlamaq istəyərkən duruxduğumu görüb tez şirin dilini salardı işə: oğlum, igid balam, göz baxar, insanı qorxudar, "vay dədə" dedirdər, Allah bax bu əllərə bərəkət versin: bir də baxarsan ki, yavaş-yavaş, xırda-xırda işi görüb bitirib ey. Yekun sözüsə belə olardı rəhmətliyin: Allah, Məhəmməd, ya Əli, qalx ayağa, gözümün işığı, görülən işdən gül ətri gələr.

Gül demişkən xatırladım, sizcə bir güllə bahar olarmı?

Bir dəfə "klinik psixologiya" dərsinin sonunda əziz müəlliməmiz Korj Elena Mixailovna əyilib qulağıma nə desə yaxşıdı: "dərsə sırf sənə görə belə dərindən hazırlaşıram!" Qırxa yaxın şagirddik auiditoriyada, hamısı söz dinləməz, hamısı gənc, hamısı nadinc. Bircə məndim dərsi əvvəldən axıra diqqətlə dinləyən, bircə məndim hansısa mətləblə razılaşmayan, tez-tez sual verən və bircə məndim hər dərsin axırında ona yaxınlaşıb səmimi-qəlbdən təşəkkür edən. Yəqin bundan təsirlənmişdi dosent xanım və o məşhur gülüşünü də sözünə fon edib gizli-gizli demişdi: dərsə məhz sənə görə belə dərindən hazırlaşıram!

Yəni nə?

Yəni olar, bir güllə də bahar olar!

Refreyming haqda yazmışdım keçən dəfə, yazmışdım, ən məşhur şablonları sorğulamaq, darmadağın etmək cəhdidir refreyminq, məsələn, sən deyirsən, zorla gözəllik olmur, adam razılaşmır səninlə, deyir, olur, üstəlik, gözəllik elə zorla olur. Bu haqda danışmışdıq. Bir də əməli refreyminqlər var, bir az da bu haqda danışaq; tutalım, sən kimisə ruhdan salmaqçün əlinə mikrofon alıb "bir güllə bahar olmaz", deyirsən, bu misralara hətta mahnı da bəstələyirsən, fəqət tanımadığın bir nəfər gəlib elə bir iş görür ki, əlin ağzında qalır: olarmış, a kişi, bir güllə də bahar olarmış!

Tarix o "bir nəfər"ləri unutmur, unutmur. Tanrısa daha artığını deyir: mən bütün kainatı o tək güllər xətrinə yaratdım! Təsəvvür edin, bağbanın qəsdi barlı-bəhrəli o ağacı suvarmaqdı, ətrafındakı ot-ələf də sirab olur.

Tarix onları unutmur, ona görə ki, tarix onlara borcludu, dünya onların çiynində dayanır, bəşər o təklərin hesabına yaşayır. O tək kişilərin! Biri haqda Allah özü danışır, Yasin surəsində: "racülün" deyir eləcə, yəni bir kişi - nə adını çəkir, nə soyadını səsləndirir, sadə və anonim danışır: gəldi şəhərin o başından bir kişi, dedi ki...

Bir digəri haqda da biz danışaq. Milli qəhrəmanımız Şəhid Mübariz İbrahimov! Kişi qalxdı ayağa, silahını götürüb tək başına əməlli-başlı refreyminq elədi, meydan oxudu, qiyamət qopardı: kim deyir ki, bir güllə bahar olmaz? Mən edərəm, olar!!! Olmadımı? Siz Allah, bahar olmadımı? Oldu, özü də bir fəsillik olmayanından!

Kimdən öyrənmişdi bu refreyminqi böyük şəhid? Cəddi imam Hüseyndən! O kəsdən ki, bu gecə mübarək mövlud gecəsidi. O güldən ki, sanki dünyaya məhz bu məşhur şablonu dağıtmaq, hətta darmadağın etməkçün gəlmişdi:

bir güllə də olar, əzizim, bir güllə də bahar olar!!!

Məsələ, şair demiş, gül ola bilməkdir!

Link to post
Share on other sites

Bu yazı arifə bir işarədir

İnsan yaşlandıqca mübahisələrdən, müdrükləşdiyi üçün deyil, gücsüzləşdiyi üçün qaçır, qardaşım. Keçən dəfə bir dosta eynən belə demişdim. "Abi, incimisiz məndən?" -deyə utana-utana soruşmuşdu, yorğun-yorğun qayıtmışdım ki, əzizim, inciməkçün adamın heyi-hərəkəti, ən əsas da kifayət qədər vaxtı olmalıdı axı, hardadı bu qoca kişidə o vaxt? Bir az laqeydcə səslənir, bilirəm, amma təəssüf ki, reallıq belədi. Təsəvvür edin, qarşınızda həyat adlı bir krasvord var, ömür bütün gedənlər kimi səssiz-səssiz axıb gedir, və siz hələ bircə xanasını belə doldura bilməmisiz.

Bəli, bəli, həyat. Bəli, bəli, krasvord.

Məncə həyat da elə krasvord kimidi, sütun suallarına cavab tapmış olsan başqa xanalar öz-özünə çözüləcək, əsas baş sındırılası, sütun suallardı. Bəs yaxşı, həyatın sütun sualları nədir? İmam Əli deyirdi ki, üç şeyi bilməkdir: hardan gəldiyini, harda olduğunu və hara gedəcəyini. Onda məsələn, "necə yaşamalı" sualı da başqa bütün suallar kimi öz-özünə çözülmüş olacaq.

Gərçi həyati suallar haqqında əminliklə danışmaq olmur, yəni o suallar 2+2 tipindən deyil, riyazi deyil, dəqiq deyil - zülmət qaranlıqla əl havasına tapmaqdı itiyini.

Afrikalı bir tacir haqqında yazırlar, göyərçin yumurtası boyda olan bir çatlaq almazı varmış. Tacir almazı bir zərgərə göstərir, zərgərin gözü kəlləsinə çıxır: Bu daşı iki hissəyə parçalamaq olsa, onların hər biri gözəl bir brilyanta çevriləcək. Bu iki brilyant ayrı-ayrılıqda almazın özündən də baha satılacaq. Amma uğursuz bir zərbə təbiətin bu möcüzəsini xeyli sayda xırda tikələrə parçaya bilər ki, onlara da qəpik-quruşdan artıq pul verən olmaz.

Sonra zərgər daşı geri qaytarır: Mən belə bir riskin altına girə bilmərəm.

Almaz sahibinin müraciət etdiyi digər bütün zərgərlər də ona eyni şeyi deyirlər, elə hamının ağızdolusu təriflədiyi bu qoca zərgər də. Daşı götürüb diqqətlə baxır, baxır... deyir, riskli işdi. Tacir əsəbiləşir: bunu bilirəm! - Amma bir yolu var, - qoca onu sakitləşdirir - yaxşı pul versən, mən bu işə qol qoya bilərəm. Tacir razılaşır. Qoca xüsusi hazırlıqlarını görüb kiçik şagirdini yanına çağırır:

Oğlum, al bu daşı ikiyə böl.

Oğlan dərhal daşı ovcuna alıb oynada-oynada masanın üzərinə qoyur və bircə zərbəylə almazı iki bərabər hissəyə parçalayır.

Tacir sevincindən bilmir neyləsin, atılır, düşür, basır qocanı bağrına:

- Afərin sizə, usta, əhsən şagirdinizə! Maşallah, necə də rahat bitirdi işi. Yəqin çoxdan işləyir sizinlə...

- Cəmi üç gündür. - Qoca gülür, - hə, hə, cəmi üç gündür mənimlədir bu gənc. Daşın əsl dəyərini bilmir hələ, ona görə də zərbə endirəndə tərəddüd etmədi, əli əsmədi, və zərbəsi dəqiq oldu.

Belə.

Odur, əzizim, istənilən məsələ haqqında xüsusi əminliklə danışan adam görəndə belə düşünürəm: dərin adam deyil, dərin adam olsa böyük Füzuli kimi zümzümə edərdi:

Hikməti-dünyavü mafiha bilən arif degil,
Arif oldur, bilməyə dünyavu-mafiha nədir.

Link to post
Share on other sites

İnsan sadəcə inanmaq istəyir bəzən 
başını anasının dizinə yaslayıb məsələn,
xəfifcə gözünü yummaq və inanmaq;
başqa heçnə!

Pambıq tıxayır qulaqlarına
eşitmək istəmir acı həqiqətləri, yox,
lazım deyil,
canına qorxu dolmasın;
inanmaq istəyir bildiklərinin doğruluğuna,
gecə gündüz yalvarır: nə olar, ya Rəbb,
heç nə yalan olmasın!

Məsələn, 
doğrudan da yiyəsi olsun dünyanın deyillənlər kimi;
sahibsiz olmasın kainat.

Axirət dünyası, növbəti həyat...
demsinlər ki bir gün: 
indiyəcən bildikləriniz hamısı - şayiə, illüziya, mövhümat!

Qurd düşməsin bildiklərinə, istəyir insan
yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...

İnanmaq istəyir insan, inanmaq:
nə olar, 
yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
indi işıqlanmasa da eybi yox, eybi yox
əsas, işıqlanacaq olsun haçansa
şirin vədlər verilsin yenə
dönə-dönə
artıq vaxtı yetməsin yalanların ifşasının;
deməsinlər ki, hər şey yalan idi,
deməsinlər ki, aldadırdıq sizi,
deməsinlər...
biz belə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər
qoy ümidlər ölməsin!

Link to post
Share on other sites

Birazdan hər şey dəyişəcək, Lalə
gülüşlər, oyunlar, oyuncaqlar...
Nə biləsən,
bəlkə də özünü 9-cu mərtəbədən göyə atacaq 
indi həyat eşqiylə dolu olan bax bu xırda qızcığaz
düşəcək göylərin tələsinə,
inanmayacaq yerin cazibə qüvvəsinə.

Sabahın işini bilmək olmur, əzizim,
bilmək olmur bir il, beş il, on il sonra
kim nəyə vurulacaq, nəyə çıxılacaq...
məsələn, bəlkə də böyüyüb qatil olacaq 
bu gün kəpənək ölümünə üzülən uşaq...

Demə ki, nə gözəl oğuldu, 
nə yaxşı igiddi,
nə vəfalı qardaşdı;
indiki halımdı bu mənim, Lalə,
məni tutmağa çalışma, 
bir də baxacaqsan ki, əlin boşdu
canım torpaqdı, 
başım daşdı...

Sabahın işin bilmək olmur, əzizim, 
bəlkə qayıdacaq bütün gedənlər;
bəlkə sabah hamı diriləcək, sağalacaq
nə biləsən, 
bəlkə yenə, yenə o bağ olacaq;
Pəncərinizi sındırsa daşım, üzülmə,
de ki, bəlkə də sabah məni yağıdan xilas edən 
bax bu dəcəl uşaq olacaq!

Birazdan hər şey dəyişəcək
gülüşlər, oyunlar, oyuncaqlar...
Hamı dəyişəcək, hamı!
Sən də dəyişəcəksən, Lalə,
mən də, mən də dəyişəcəm; 
bircə məndəki yerin qalacaq – dəyişməyən
bir də ki... uşaqlığım!

Link to post
Share on other sites
  • 2 months later...

Qadınla şahzadə kimi davranan bəy yəqin ki, bir kraliçanın ağuşunda tərbiyə alıb, çox razıyam. Əlbəttə, tərbiyədən qüsurlular bu alicənablığın altında illah ki, nəsə xüsusi, lap xüsusi, lap ey, lap xüsusi bir məna, qat, çat, çalar axtaracaqlar, halbuki ağıl da, məntiq də, hətta səmavi təlimlər də elə bunu deyir axı...

Mənsə əvvəllər belə yazmışdım, yazmışdım ki, qadınla mübarizəyə girişən kişi artıq, indidən, bəri başdan məğlubdur. Ümumiyyətlə, yadımdadı, qabaqlar bu haqda çox yazardım, indisə... Haqlısınız, yəqin qocalıram. Qadınlarsa qocalmır, deyirlər, sadəcə kişilərin gözü zəifləyir.

Kor nə istər, iki göz... - qoy elə olsun!

Məsələ bilirsiz nədi? Məsələ, əziz anana 8 mart hədiyyəsi etdiyin divar saatının ondan sonra, hələ də işləməsi, hələ də zamanı göstərməsidi...

O gün yoldaşımla dərdləşirik, baxıb, baxıb, kövrəlir: nolar, sabah yuxudan ayılıb görək, bütün ölənlərimiz sağdı, evdədi, bizimlədi... sonra da qəfil mənə tərəf çönür:

- Adam incitdiklərini daha incitməz, hə, əzizim?

- Uzağı bir həftə, - acı-acı deyirəm, - sonra yenə həmin hoqqa olacaq, insan övladı bu, tez adiləşdirir hər şeyi, unutqandı, unutqan!!!

Qadınsa, insan övladı olmasına insan övladıdı, özü də lap alisindən, amma unutqan əsla deyil - və bu, kişilərin yadda saxlayacağı ən böyük həqiqət olmalı!

Mənə qalsa, ümumiyyətlə, deyərdim ki, qadın Allahın kişiyə təqdim etdiyi zərif bir hədiyyə, qəşəng bir jestdir; sanki o əvvəl kişini yaradır, sonra yaradılış hədiyyəsi olaraq kişiyə özündən də unikal bir varlığı - qadını təqdim edir: buyur, get xoşbəxt ol!

Obrazlaşdıraq:

Təsəvvür edin, Allah kişini yaradır, kişi də bütün düzü-dünyanı seyr edəndən sonra onun nəhəngliyindən dəhşətə gəlib deyinir:

- İlahi, qurban olum, dünyan çox böyükdü axı, mən bədbəxt burda neyniyəcəm?

Allah dərhal ona qadını təqdim edir:

- Buyur! Yaradarkən bütün istedadımı səfərbər etdiyim bu gözəl, zərif, möhtəşəm hədiyyə səni darıxmağa qoymayacaq!

Gərçi sonradan kişini ən çox darıxdıran da elə qadın olur...

  • Like 1
Link to post
Share on other sites
3 часа назад, monashka12 сказал:

Gərçi sonradan kişini ən çox darıxdıran da elə qadın olur...

) bura kimi yaxşı gəlmişdi, İlqar Kamil... birnəfəsə oxudum. 

bu müəllifin nəşrləri ilə tanış deyiləm. təsadüfi, yazılarını görüb oxumuşam. 

 

siz davam edin, bizlər də oxuyaq.

 

Edited by NOIR
  • Like 1
Link to post
Share on other sites

Əsasən də sıxılanda, əsasən də darıxanda, bir ritual kimi, mətbəxdəki şkafın aşağı gözündə ayaqlarını arın-arxayın uzadıb yuxulamış rəngli-rəngli şamlara baxıb qımışıram: dincəlin, hələ dincəlin, sizin də yanmaq zamanınız gələcək bir gün! Gəlmir, amma gəlmir, bizim şəhərin işıqları çox nadir hallarda sönür... və bəlkə də buna üzülür mətbəximizdəki boynubükük şamlar, axı, şair demiş, şamın da mənası yanmağındadır...

Həyatın işıqlarınısa, əzizim, tez-tez vurub sındırırlar aydınlıqdan qorxanlar; lampalar qırıq-qırıq, zülmət sim-siyah saçlarıyla dünyanın üstünə çökmüşkən bir də görürsən ki, aman Allah, Tanrının əlindəsən, şamsan və... yanırsan! Rəbbinin ixtiyarında vecinə də olmur ağrımağın, acımağın, əriməyin. Sən, qardaşım, Onun ardınca gələn insanların yoluna işıq salırsan, bundan gözəl nə ola bilər ki!

Ana kitab da şamdan, yanmaqdan danışır bir yerdə: "elə bilirsiz, iman gətirdim demənizlə iş bitir, və siz sınaq olunmayacaqsınız?!" Yox! O şamlar şkaflardan çıxıb masaların üstünə gələcək bir gün, yanacaq bir gün, əriyəcək bir gün və aydınladacaq bütün qaranlıqları - yəni, işıqlandırmaqçün yanmaq şərtdi, elə isitməkçün də! Ağrılıdı, acılıdı, amma qaçılmazdır. Məsələn, Şekspir deyirdi, limanda dayanmış gəmi, tutaq ki, təhlükəsizlikdədir, lakin axı o, sahildə dayanmaqçün inşa edilməyib.

Həə. İndi bildin, niyə tüstün təpəndən çıxır? İndi bildin, niyə canın yanır? İndi bildin, niyə günü-gündən əriyirsən? Çünki sən Tanrının şamısan!

Xoş halına, bəradər!

Qədim Yaroslavl şəhərinin keçidlərindən birində skripka çalan bu xanımınsa dünya da vecinə deyil. Bir xeyli dinlədikdən sonra yaxınlaşıb dindirirəm: necədi vəziyyət? Gözlərini açıb gülümsünür: əla!

- Axı bayaqdan baxıram, sizi dinləyən yoxdu, bu sizi narahat eləmir?

Yenə qəşəncə gülümsünür:

- Mən, cavan oğlan, özümçün çalıram!

Niyəsə inanıram qadının səmimiyyətinə, baxıram ki, gözlərini də yumub öz ifasından əməllicə həzz alır, və elə o dəqiqə ağlıma gəlir, yəqin, şamda da, məsələn, günəşdə də, yağışda da... vəziyyət eynidi, yəni təsəvvür edin, şam əridiyi üçün, günəş doğduğu üçün, yağış yağdığı üçün nişanlı qızlar qədər xoşbəxtdi, çox xoşbəxtdi və təsəvvür edin, yağmaq yağışın ən, ən, ən sevimli işidi... elə isə, daha niyə gileylənsin ki, insanların onu görüb-görməməsindən?

Məsələn, o günkü yağışın gözləri yumuluydu, lap elə bil, yuxuluydu, lap elə bil, məstdi, xumardı, hətta o qədər, o qədər ki, nəm kipriklərindən öpdüm də xəbəri olmadı, bəlkə, elə ona görə bu qədər gözəl yağırdı?

Skripkaçı xanımsa, belə düşünmürmüş yəqin, səsləndi arxamdan:

Getməyin, bilirsiz.... düzü... etiraf edirəm, dinləyən olsa daha qəşəng çalaram!

  • Like 1
Link to post
Share on other sites

Hem fiziki, hem psixoloji, hem menevi baximdan saqlam olmaq isteyirsiz? Sozunuzu ichinizde saxlamayin, deyin! Nece deyeceyinizi, tebii ki, dushunun, olchun, bichin, amma axir ki, o lenetegelmishi chixarin ichinizden, qorxmayin, dunya daqilmayacaq, eksine, rahatlayacaq, qush kimi olacaqsiniz! Size kichik bir abi tovsiyesi: sozunuzu demeye adet edin!

Link to post
Share on other sites
  • 2 months later...

Heçnə haqda fəlsəfi esse

 

Dedilər ki, sizə təzə müəllim gəlir. Dənizdi, dəryadı, ümmandı, Hind okeanıdı. Bir baxışla oxuyur adamı. Psixoloqdu. Kardioloqdu. Səhərdən axşama tarix, təpədən dırnağa fəlsəfədi. Baxışları, dedilər, baxışları mənalandırır adamı, sualları, dedilər, sualları dəlir deşir adamı. Böyütdükcə böyütdülər, şişirtdikcə şişirtdilər. Bilmədilər ki, o böyüdükcə biz kiçilirik, biz xırdalanırıq, biz parçalanırıq, bir yeyimlik tikə, bir qurtumluq su oluruq.

Gəldi girdi sinifə müəllim, dedi, sizə nəsə öyrətməkçün əvvəlcə sizin fəlsəfi dərinliyinizi bilməliyəm. Xorla udqunduq: bu... bu... buyurun, qurban olaq!

Qaldırdı Əlməmmədi ayağa: "Sən de, ikinin üstünə iki gələndə neçə eləyir?" Tər basdı Əlməmmədi: nə mənada?... Otur! - dedi müəllim, - sən dur ayağa! İki üstəgəl iki, neçə eləyir? Gülməmmədsə, necə deyərlər, lap gül vurdu: mmm, baxır harda! - Otur!, - səsini bir az da sərtləşdirdi müəllim - sən buyur görək!

Hamı nəsə fikirləşirdi, hamı iki üstəgəl ikinin fəlsəfi dərinliyi haqda kəllə sındırırdı, bircə Dilməmmədin heçnə vecinə deyildi, stulunda elə yayxanmışdı, elə bil, 3 yaşlı uşaq pampersinə söykənib multfilmə baxır. Doğrudan da əsl multfiilm idi, və bir saatdı Tom Cerrinin əlində girinc-avara qalmışdı.

Növbə mənə çatdı. Qalxıb sinergiya dedim, Sokrat dedim, bütün öz hissələrindən böyükdür dedim, sonra da yekə-yekə əlavə elədim ki, məsələn, bir damcının üstünə növbəti damcı düşəndə iki damcı olmur, bir böyük damcı olur və sair və ilaxır... bu dəfə lap əsəbiləşdi ağsaqqal: bəsdi çərənlədin, otur!!!

Nəhayət, söz Dilməmmədə verildi: buyur sən de görək, ikinin üstünə iki gələndə neçə eləyir? Dik durdu ayağa Dilməmməd, laqeydcə, istehzayla və bir az da kobudca qışqırdı: dörd eləyir, a kişi, dörd!!!

O, cavabı barmaqlarıyla da, bizə də göstərirdi.

- Ay aton behiştlik, - dedi müəlllim, bax, sənə nəsə öyrədə bilərəm!

Hemenguenin "Qoca və dəniz"inin mənə görə ən şedevr hissəsi aşağıdakı dialoqdu. Gənc, dənizdə başına minbir oyun gəlmiş, hayı gedib vayı qalmış balıqçı qocadan soruşur: niyə belə oldu, niyə, axı sizinçün hər şey çox asan olmalıydı! Qoca yorğun-yorğun cavab verir: bu dəfə çox uzaqlara getdim, oğlum, çox uzaqlara...

Link to post
Share on other sites

Təkrarla biliyin qohumluğu haqda

 

Keçən əsr. Ümumi psixologiya dərsi. Mühazirəçi xanım Razina auditoriyaya girər-girməz yelpicəbənzər kipriklərini süzdürüb dedi ki, bu gün məşhur bir yanlışı düzəldəcəm - sizə K.Yunqun Z.Freydin şagirdi yox, müasiri olduğunu sübut edəcəm. Saat yarım danışdı bu haqda və hər dəfə Yunqun adını çəkməli olanda qəsdən və israrla belə qeyd vururdu: "Freydin şagirdi yox, müasiri olan Yunq". Bununla iş bitsəydi dərd yarı, təsəvvür edin, həmən semestr 12 dərsin hamısında Yunqu, tənbəllik eləmədi, məhz bu qeydlə andı xanım. Bir dəfə dəhlizdə yaxınlaşdım ki, əziz müəllimə, Yunqun arxetipi haqda qaranlıq bir nöqtəm var. Darvaza yelpiclər yenə ehmalca dəydi bir-birinə: hansı Yunq, Freydin şagirdi yox, müasiri olan Yunq?

Dünən axşam namazından sonra fikirləşirəm, həyatımızdan keçən müəllimlərimizdən hansı sözlər qalıb yadımızda? Əsasən, israrla təkrar etdikləri! Məsələn, mərhum Adil Mövlayi, şagirdləri xatırlamamış olmaz, tez-tez oxuyardı bu hədisi: zikru Əliyyin ibadəh. (İmam Əlini anmaq ibadətdi). Və ardınca da şirin ərdəbil ləhcəsiylə əlavə edərdi: elə deyəsən Əli, Əli, Əli... və yaşarardı gözləri...

Sirr təkrardaymış, sən demə, hikmət də. Bəşəriyyətin xətası nədir -xeyli vaxtdır bu qənaətə gəlmişəm -köhnələri ayaq altına qoyub acgözlüklə yeniliklərin ardınca qaçmaq və unutmaq ki, biliyin də, tərəqqinin də, yeniliyin də anası məhz təkrardadır. Baxdığın filmlərə yenidən baxmaq, oxuduğun kitabları təzədən oxumaq, köhnə, lap köhnə dostları axtarıb-tapmaqda və... deməkdə ki, səni yenidən tanımağa gəlmişəm!

Bir qapını iki dəfə döyək ya döyməyək, səs gəlmədisə dərhal yeni qapılara yüyürmüşük, tələskənik, hövsələsizik, odur, qaç-haqaçdayıq, odur, sərgərdanıq, odur narahatıq. Oysa, bəlkə də dərdimizin dərmanı lap ilk, lap ilk döydüyümüz qapının arxasındaymış...

Mədinə şəhərində, Kərbəla hadisəsindən öncəki illərdə baş verib bu hadisə. Bir nəfər sail (ehtiyaclı) gəlib imam Hüseynin qapısını döyür, döyür, döyür... ardınca dərin bir beyt də oxuyur Əhli-beyt haqda. İmam duyur içəridən bu beyti də, bu israrı da və ev əhlinə buyurur: bu adam bu qapıdan gedən deyil, nədən ki, çox yaxşı bilir hansı qapıya gəlib! Bu şəxs Gülməmmədin, Qulamseynin, Qəzənfərin qapısını döyə-döyə təsadüfən gəlib bizim qapımıza çıxmayıb, bu adam birbaşa və məhz bizim qapımıza gəlib!

Belə adamı geri çevirməyə ev sahibi bir yana, heç qapının da ürəyi gəlməz, gəlməz! Yox, əzizim, damcının sısqa canıyla sərt daşda yer eləməsi damcının deyil, daşın mərifətidir - bu dirənişi, bu təkrarı və bu israrı geri çevirmək olmaz, ona ağuşunda yer vermək gərək!

Sirr təkrardadı, əzizim, ən keçilməz yollarda belə israrla, keçiləcək bir yol axtarmaqda və... iki gündü düşünürəm, görəsən, çayın bu üzündən o üzünə keçməyə yol yoxsa, o üzündən bu üzünə də yol yoxdur deməkdir? Tapsam, bu sualı xanım Razınadan soruşacam və o, yəqin ki, yenə yelpic kiprikləriylə özünü sərinlədib dillənəcək:

hansı Yunq, Freydin şagirdi yox, müasiri olan Yunq?

Link to post
Share on other sites

Biz yaşamalıyıq, əzizim, 
hökmən yaşamalıyıq, 
yataqlarında uyuyan uşaqlarımızın xətrinə!

Biz yaşamalıyıq, əzizim, 
başqa yolumuz yoxdu, 
yaşamalı,
ağrılarımızı yazılara köçürməliyik;
onlar buna görə qınamalıdılar bizi,
deməlidilər, kişi dərd danışmaz,
kişi ağlamaz, deməlidilər,
bizsə mütləq, mütləq yaşamalıyıq
yaxınlarımızın,
uzaqlarımızın xətrinə!

Biz içində 10-larla insan daşıyan qatarıq, qatarıq
biz qatar-qatarıq, əzizim;
relsdən çıxsaq təkcə biz əzilməyəcəyik,
odur, yaşamalıyıq hökmən, 
hökmən yaşamalıyıq -
içimizdə daşıdıqlarımızın xətrinə!

Ağrıyanda, 
və ilan kimi qıvrılanda yerimizin içində
yadımıza salmalıyıq həyatın xoş anlarını -
qızımızın körpəliyini
oğlumuzun ilk "ata" deyişini...
və yaşamalıyıq, əzizim,
indiyəcən yaşadıqlarımızın xətrinə!

Düşmənlərimizin acığına yaşamalıyıq, deyirsən,
yaşamaq acığa gəlməz, əzizim,
biz mütləq, mütləq yaşamalıyıq, 
amma ən gözəl dad kimi
quşlara azadlıq verən qanad kimi...

Yaşamaq ən böyük kəşfidi Tanrının, 
biz ən böyük icad kimi yaşamalıyıq!

Biz hökmən yaşamalıyıq, əzizim,
lap elə o qızın qaşındakı çapıq kimi,
qüsur kimi yaşamalıyıq,
bir gün sonra öləcəyini bilən 
əsir kimi yaşamalıyıq;
biz mütləq yaşamalıyıq, 
hər şeyi bilə-bilə,
ağrıdan, acıdan və acından ilan kimi qıvrılsaq da
biz gülə-gülə yaşamalıyıq -

uşaqlarımızın xətrinə!

Link to post
Share on other sites

Balıq yaddaşı haqda fəlsəfi esse

 

Şəhərimizin yollarını, ruslar demiş, "ot i do" düzəltdilər, yoxsa mən Leninqradskiy prospektində olan bu qadınabənzər "yama"ya düşə-düşə özümə nifrət edəcəkdim. Bir deyil, iki deyil, üç deyil... azı 10 dəfə düşmüşdüm eyni çalaya, hər dəfə də özümü danlayırdım: "bax, qardaşım, bu, sondur!" Amma olmurdu, bir də maşın silkələnəndən sonra ayılırdım ki, ay dili-qafil, yenə eyni xətanı eləmişəm. Dəhşət idi. Təsəvvür edin, əlimin içi kimi tanıyırdım bu çalanı, enini, uzununu, dərinliyini... hər şeyini bilirdim. Hətta bir dəfə, yadımdadı, qonaq gələn qardaşımı da xəbərdar eləmişdim: qaqam, filan prospektə pis bir "yama" var ha, ehtiyatlı ol, maşını dağıdarsan! Noolsun, sabahısı, hə, düz elə sabahısı yenidən özüm düşmüşdüm o çalaya! Ax, balıqyaddaş!!!

Zooloqlar iddia edir ki, balıqların olar-olmaz 10 saniyəlik yaddaşı var, yəni balıqlar 10 saniyə əvvəl gördükləri şeyi qəşəngcə, rahatca, heçnə olmamaış kimi unudurlar. Unudurlar ki, bu yem, əslində, bayaq gördükləri həminki yemdi, tələdi, qarmaqdı, təhlükədi... aclıq vurur təpələrinə, yenidən hücum çəkir, ovlanırlar.

Ana kitabın əsrlər əvvəlki hadisələri qeyd edib bizə tez-tez "ibrət götürün" deməsinin mənası budur ki, qürrələnməyə lüzum yox, insan övladı da elə balıqyaddaşdı. Guya bizim xətalarımızın hansı yenidi ki? Guya bizim düşdüyümüz quyular fərqli quyulardı? Eyni günahlardı, əsrlərdir edə-edə gedirik, sadəcə bir az imiclərini dəyişiblər, sadəcə bir az makiyajlanıblar, kəkilləniblər, vəssəlam! Yəni məsələn, bu gün də Kərbəla səhnəsi qurulsa, bu gün də Yezidin yanında olanlar çox olacaq, bu gün də qılınc çəkiləcək peyğəmbər balalarına, bu gün də əsir düşəcək Hüseynin əhli-əyalı!

Çox ağrılıdı, əzizim, qiyamət günü məlum ola ki, bu gün səni Rəbbindən ayrı salan vur-tut iki günah olub, təsəvvür edirsən, bir ömür təkrarladığın ikicə günah! Bildiyin, tanıdığın, dəfələrlə daddığın, dəfələrlə toxunduğun... yadına salırsan ki, həta bu günah haqda bir neçə dəfə başqalarını xəbərdar da etmişdin, amma özün... dəhşət!!! Dəyərmiydi, hə, ikicə günaha dəyərmiydi?

Balıq yaddaşdı insan, balıqyaddaş! Hələ xəyanətə uğramış bu qanıqara şairin iddilarına baxın: "Əfv etməyəcəm! Asacam, kəsəcəm! Bizim aramızda hər şey bitdi!!!"

Yalandı, ağ yalandı! Yenə gəlsə, yenə sevəcək...

hətta əvvəlkindən də ziyadə!

Link to post
Share on other sites

Gözləməyin dərin fəlsəfəsi haqda

 

Nəzərə alırlar, hətta zalımlar da, hətta qatillər də nəzərə alırlar. Əgər gözləyənin varsa səni əvf edə bilirlər. Belə bir səhnə təsəvvür edin, gecədi, adam son gülləni çaxmaqçün yerə yıxılmış qurbanının üstünə yürüyür, başını nişan alıb işini bitirəcəkdi ki, gözü yaralının telefonunun ekranındakı uşaq şəklinə sataşır. Donur adam, tətiyi çəkə bilmir, geri-geri addımlayıb ordan uzaqlaşır.

Belə plakatlar da vardı bir vaxtlar. Sürətdən doğan avtoqəzaların qarşısını almaqçün magistral yollarda quraşdırılardı. Gözləri həsrət dolu uşaq şəkli və üstündə belə bir yazı:

Evdə səni gözləyirəm, ata!

Xeyli təsirli layihəydi və Allah bilir, nə qədər atanı ölümdən qorumuşdu bu sözlər... Deməyim o ki, "əlimdən gözləməkdən başqa bir şey gəlmir" düşüncəsi saf və təvazökar düşüncədi, gözləmək, əslində, çox şeydir, bəlkə və bəzən də hər şey!

Bəzən, haçan? Görkəmli rus şairi Simyonovun nəzmində olduqca gözəl cavablanır bu sual. 41-45 müharibəsidi, əsgər döyüşün ən qızğın yerindən məktub yazır sevgilisinə, Жди меня, и я вернусь! Gözlə məni və mən qayıdacağam! Qoy hamı öldü desin, unutsun, bezsin gözləməkdən, amma sən yenə də, yenə də gözlə məni!

Şeirin nüvəsi sonluğundadı. Əsgər deyir ki, mən bir gün qayıdacağam, hamı deyəcək ki, bəxtəvərin bəxti gətirdi deyə ölmədi, qayıtdı, lakin bir sən və bir mən biləcəyik ki, əslində məni o dəhşətli od-alovun içində qoruyan məhz sənin gözləməyin oldu, yəni sən gözlədin deyə mən qayıda bildim və məhz bu intizar xilas etdi məni!

"Çünki sən hamıdan fərqli gözlədin!"

Bax, əsl məsələ budur: fərqli, və gözəl gözləyə bilmək! Yayın gəlişini, tutun yetişməsini gözləyən uşaq kimi kimi gözləmək! Ana kitabımız səbirə də belə bir etiket verir: "Gözəl səbir!" Yəni bizi xilas edən, hər səbir deyil, gözəl səbir olacaq və nə bilmək olar, bəlkə də bütün, bütün gedənlərimiz qayıdar - biz onları fərqli, estetik və gözəl gözləyə bilsək! Yəni nə? Yəni məsələ, həmişəki kimi, yenə də bizlikdir, sizlikdir!

Necə demişdi şair, isti qarşılanacağından əmin olsa, 
bəlkə də qayıdar bütün gedənlər...

Hamınıza salam və bir dünya təşəkkür!

Link to post
Share on other sites

Bu yazıya göz dəyib

 

Məsələ budur ki, böyüklərimiz həmişə şokoladları bizdən gizlətdilər, halbuki dolu qənddanlar masanın üstündə olmalıydı hər zaman və biz ta uşaqlıqdan öyrənməliydik - götürə bilib götürməməyi, yəni imtinanı!

Mən gizlətməyin qəti əleyhinəyəm, o gün, multikə baxmasınlar deyə televizorun pultunu uşaqlardan gizlədən xanımıma da izah etmişəm ki, qadağadı, gizlətməkdi... bunlar doğru deyil. Yeganə yol izahdır: olmazın niyəsini izah edib azad qoyursan uşağı və bu imtina (əgər edə bilirsə) onun iradəsini bərkidir.

Sağlıq olsun, haçansa sizə yazacam ki, iradə həzzdən birdəfəlik imtina deyil, iradə həzzi sonraya saxlama bacarığıdır, fəqət bunları bu gün niyə danışdım bilmirəm, yəqin imam Əli deyəndə ağlıma gələn ilk şeylərdən biri və bəlkə də ən birincisi məhz imtina və iradə olduğundandı.

Yaponlarda bir dəb var - qızıl tozuyla təmir dəbi. Sınan antikvar əşyaları aparırlar ustaya, usta kley əvəzi qızıl toz sürtür sınan yerə, və məsələn, sınmış güldana qızıl rəngli gözəl bir naxış düşür. Yəni heç bilinmir ki, bura sınıqmış, əksinə, bu növ təmirlə güldan əvvəlkindən daha estetik görünür.

Dünyada sınmamış insan yoxdu, görüb-tanıdığınız ideal insanlar sınıqlarını qızıl tozuyla təmir etmiş insanlardı, gerisi təfərrüat! Odur ki, ölənəcən deyəcəm: estetika hər şeydə hər şeydir!

Bu gün bayramdı və mən illərdir bu günün qəhrəmanından iki şey öyrənirəm: İmtina və estetika! Yəni, əzizim, hətta imtinanı belə estetik edəcəksənsə gerçək imtina sayılacaq, başqa növü boş zəhmət!

Siz bu ayənin gözəlliyinə bir baxın:

"Onlardan gözəl tərzdə ayrıl".
(Müzzəmmil, 10)

Link to post
Share on other sites

Baxın, Oscar Wilde nə deyir: "Şəxsiyyət çox sirli bir şeydir. Bir insan həmişə nə etdiklərinə görə qiymətləndirilə bilməz. O qanuna riayət edə bilər, ancaq yenə də dəyərsiz ola bilər. O qanunu poza bilər, ancaq yenə də yaxşı ola bilər. O heç bir pis iş görmədən belə pis ola bilər. O, cəmiyyətə qarşı günah törədə bilər, ancaq yenə də öz əsil kamilliyini məhz o günahdan sonra reallaşdıra bilər".

Çox gözəl təsbitdir! İslam təlimlərindəki "ömrün sonunda edilən tövbələrin qəbulu, o tövbənin insanı hətta cənnətə belə götürə bilməsi" məsələsi də Oskarın dediyi bu məntiqlə izah olunur; necə olur ki, bir ömür pis işlər görən insan sonda tövbə edəndə o tövbəsi qəbul olub, onu xilas edə bilir? Cavab budur: pis insan tövbə edə bilməz, o bir ömür pis işlər görsə də onun gizli şəxsiyyəti yaxşı imiş, sadəcə həyat şərtləri onu belə pis davranışlara sürükləyibmiş. Siz bilirsiz nə qədər pis işlər görə-görə əslində yaxşı olan insanlar var? Allah göstərməsin, məcburiyyət çox pis şeydir!

Gənc vaxtlarımda bir dəyərli alimin Cümə məscidində etdiyi xütbəyə, xütbədən sonra yüngülvari etiraz etmişdim. O deyirdi ki, adam içki içir, amma soruşanda deyir qəlbim təmizdir. Alim bu iddiaya dırnaqarası yanaşırdı, deyirdi, necə yəni qəlbim təmizdi, qəlbi təmiz olan içki içməz, qəlbi təmiz olan insan namaz əhli olar, filan. Mənsə etiraz etdim, sizə 10-larla belə içki içənlər göstərə bilərəm ki, bəzi 70 il namaz qılanlardan daha yaxşı insandı, dedim. Yox, yox, nə namaz yaxşı insan olmaq ölçüsü deyil, nə içki pis insan olmaq göstəricisi!!!

Məqsədim içki içənlərə, pis iş görənlərə bəraət qazandırmaq deyil, əsla deyil, sadəcə biz belə insanlara anlayışla, empatiya ilə yanaşmayınca, onları öz sıralarımızda görə bilməyəcəyik! Pisləri də anlamaq lazımdı, mən pisləri yıxılmış insanlar hesab edirəm, - yaxşılıq zirvəsindən pislik uçurumunun dibinə yıxılan insanlar! Bəs axı deyirdik yıxılana balta çalmaq olmaz, bəs nə oldu?...İnanın, bütün pislər gerçəkdən də pis deyil, onlardan bəzilərinin içindəki yaxşılıq o qədər aydın görünür ki...kim istəməzdi ki, yaxşı olsun, yaxşı insan kimi tanınsın?...Bəli, onlar sadəcə məğlubdur!

Hər kəsin içində pisliyə doğru yıxılmaq meyli, potensialı var, elə mənim də, sənin də! Sadəcə sən güclüsən, ayaqda qala bilirsən, onlar isə gücsüzdür, yıxılır. Belə hallar görəndə bir şeyi nəzərə almaq lazımdır: Onlar sənin aldığın təhsildən almayıblar, sənin oxuduğun kitabları oxumayıblar, sənin böyüdüyün mühitdə böyüməyiblər, onların dostları sənin dostların kimi deyil, onların valideyinləri də tam başqadır...və s. Yəni ki onların belə olması hardasa qanunauyğunluqdur! Bunu nəzərə alanda elələri üçün sadəcə ürəyin ağrıyır, qəlbin sızlayır, özlərindən xəbərsiz dua edirsən onlar üçün, daha asıb kəsmirsən!

Məsləyə Quran məntiqiylə yanaşmaq lazımdır, deyir, "Sən onların bütünü söymə ki, onlar da qayıdıb sənin Allahını söyməsinlər!"

Bəzi hallarda onların sənin namazını söyməsinə, orucunu masqaraya qoymasına zəmin yaradan elə sən özünsən, abi canı, inan!

Ilqar Kamil

Link to post
Share on other sites

Bəzən bir dost səninlə mehriban davranar, ara-sıra hal-əhval tutar, maraqlanar, lütf edər, elə bilərsən ki, vəssəlam, hansı cəhətinə görəsə dostunun qəlbinə girmisən, uçarsan e özün üçün. Sonra baxarsan ki, yox əşşi, adam elə hamıyla belədi, mehribandı, nəzakətlidi, yəni, sənlik bir şey yoxdu, bu onun xarakteridi... qanadların qırılar, üzülərsən əvvəl. Sonra deyərsən ki, burda nə var ki, elə belə də olmalıdı də...

  • Upvote 1
Link to post
Share on other sites
  • 2 months later...

Xətalarımızdakı payımız haqqında

Qışdır. Şaxtadır. Küləkdir. Dayanacaqda ayağının birini götürüb digərini qoyan bu donmuş tələbə marşrut gözləyir. Fikirlidir, qayıdan baş evə nələrsə almalıdır - xanımı tapşırıb, nəyi hələlik sonraya saxlaya bilər, onu düşünür:

Allah yoxun üzünü qara eləsin!

Birdən gözəl bir PEJO dayanır qabağında, baxır ki, oxuduğu mədrəsənin müdirinin maşınıdır - sevinə-sevinə əyləşir. Sevinir, ona görə ki, həm dərsə vaxtında çatacaq, həm də fürsətdən istifadə edib müdirinə dərdlərini deyəcək: ailəliyəm, dolana bilmirəm, çatdırmıram, heç yerdən dəstəyim yoxdur, uşaqlarım əziyyət çəkir... ir, ir, ir, dır, dır... müdiri onun giley-güzarını yarımçıq kəsib səbir haqda beş-altı ayə oxuyur, üstündən də üç-dörd dənə təmtəraqlı hədis, iş tamamdır - tələbənin özünün də, balalarının da qarnı doyur; "desert" hissəsində isə müdir ona çətinliklə dərs oxumuş alimlərin keşməkeşli həyatından danışır. Susur tələbə, dinmir, bircə maşından düşəndə tuta bilmir "ədəbsiz" dilini:

Əziz müdirim, danışdıqlarınıza sözüm yox, bircə biləsiz ki, sizin maşının salonu mənim evimin içindən daha rahat, daha istidir.

Ayılırmı müdir, diksinirmi, qorxurmu bu cavabdan? Əsla! Bu həmin müdirdir ki, cəmi bir həftə sonra başqa bir gileyli tələbəni havaya açılmış atəşlə belə susduracaq: mən sənə yalvarmışdım tələbə olasan? Çətindir, get başqa işlə məşğul ol!

Müdir haqsızmıdır? Bəlkə də, və hətta gerçəkdən də haqlıdır, amma... amma indi dünya individual məhkəmə sisteminə keçid etmək üzrə, əzizim, dünya sorğulayır: genetikanı, mühiti, ailəni, təhsili, psixologiyanı... nəzərə alsaq, törətdiyi cinayətdə (tutduğu səhv işdə) şəxsən insanın neçə faiz payı var? Məsələn, qətl hadisəsinə görə bütün qatillərə ucdantutma 10 il iş vermək ədalətlidirmi? Məncə, ilahi məhkəmədə hətta fərdlərin genetikasına kimi nəzərə alınacaq!

Sən! Səni deyirəm - ey əldə etdiyi uğurlara görə quyunun dibindəkilərə üstdən-aşağı baxan sən! Gör bu nailiyyətlərdə şəxsən özünün neçə faiz payın var? Gör hansı nəsildənsən, kimin oğlusan, təhsilin nə, dostların kim... sonra baxım qürurlana biləcəksənmi?

Müdir haqsızmıdır? Bəlkə də və hətta gerçəkdən də haqlıdır, amma... yadınızdadırsa "biri var idi, biri yox idi..." -ilə başlayırdı nağıllarımız, nədən ki, nağıl sabahdır, ümiddir, işıqdır, və bizə bu ümidi verən "yox"u da görmüş, bilmiş olmalı, yəni o, bizə işığı bizim yanımızdan, quyunun dibindən göstərməli, əlində siqaret tüstüləyə-tüstüləyə, PEJO-nun yumşaq ağuşundan deyil. Quyunun üstündə arın-arxayın dayanıb dibindəkilərə dözüm haqda ağıllı məsləhətlər vermək, ən yumşaq desək, mənəvi... insafsızlıqdır! Məhz ona görəydi, yetim böyütdü öz elçisini Pərvərdigar, yoxsa kimsəsizlərə sidq-ürəklə təsəlli verə bilərdimi həzrət Məhəmməd, gələrdimi üzü, dönərdimi dili?

Yaşanmadan bilinməz - məsələ bu!

Canımda anadangəlmə qoyulmuş xəstəliyin özünü 28 yaşımda kəşf etsəm də, hikmətini dərk etmək bir 8 il daha çaldı ömrümdən. Anladım ki, ilahi lütfdür bu xəstəlik, bir yazıçı olaraq öz əziz insanlarıma sidq-ürəklə "dözün!" yox, məhz "dözək!"-deyə bilməyim üçün, yəni təsəllimin təsirli olması üçün mədədimə, dolayısıyla mədədimizə uzadılmış mehriban bir ilahi əldir!

Və Allahım şahid ki, mən sizə işığı (əgər göstərə bildimsə) həmişə sizin yanınızdan, quyunun dibindən göstərdim. Odur ki, bütün səmimiyyətimlə, sevə-sevə deyirəm:

Dərdinə şükür, ilahi!

Link to post
Share on other sites

Gözəlliyin donu haqqında

Yazırlar, bir gün Xacə (Nəsirəddin Tusi) öz şagirdi ilə səfərə çıxıbmış. Axşam düşür, naəlac, çadırlarını qurub, səhrada gecələməli olurlar. Gecənin tən yarısı Xacə yuxudan ayılıb, şagirdini dirsəkləyir: oğlum, qalx gör nə görürsən? Diksinir şagird, yarı yuxulu, gözlərini ova-ova göyü vəsf etməyə başlayır: İlahi, ustad, necədə ulduzlu səmadır, (əsnəyir) necədə aydın görünür ulduzlar; ustad, mən səmada ulduzların xüsusi nizamla düzülüşünü görürəm... bəs siz, bəs siz nə görürsüz? Xacə gülümsünür: başımızın üstünün çadırını oğurlayıblar, oğlum, ona görə ulduzları görürsən!

Hə, yazırlar, belə bir tarixi hadisə olubmuş, bəs sizcə, o gün Xacə şagirdini bu cavaba görə qınamışdı? Məncə, yox, və məncə, hətta təqdir də etmişdi; nədən ki, elm, tərəqqi, əbədiyyət adamı üçün uzaqlara boylana bilmək vacib bacarıqdır; o, indi ayağına dolaşanlara ilişməməli, başını dik tutmalı, gözünün önündəkiləri deyil, arxa planda olanları görə bilməlidir. Onu tikan-xardan mühafizəçi də qoruya bilər, o, mütləq daha uzaqlara, daha çox uzaqlara boylanmalıdır.

Ayağınıza tikan batırsa demək axtardığınız qızıl gülün yaxınlığındasınız - bunu isə Rumi deyirdi: gülü tapmaq deyil hünər, onu qabaqcadan fərq etməkdir, ətrindən, hətta tikanından. Yəni qovuşmaq sevginin ən ibtidai halıdır, məsələ gəlməyəni gözləməkdir.

Bunlar hamısı aydın, amma "mən gözəllikdən başqa bir şey görmədim"- deyən bir xanım da var axı: Zeynəb, Yezidin sarayında, qanlı-qadalı Kərbəla hadisəsindən azacıq sonra, əsirkən, susuzkən, qolu bağlı halda... bu ifadə bir öztəsəlliydimi? Yoxsa acıq idi? Bəlkə qürur idi? Xeyr!!! Gerçəyin lap özüydü! Sadəcə xanım o sözü deyəndə, və bəlkə hətta bütün Aşura boyu uzaqlara, çox uzaqlara (ta bu günə qədər) baxmışdı. Aşuranın hədəfi, mesajı... yəni gələcyi gözəl idi - xanım tez-tez boylandığı səmada məhz bunu görmüşdü, odur ki, bütün qətiyyəyi və bütün səmimiyyətiylə demişdi tarixi sözünü:

Mən Aşurada gözəllikdən başqa bir şey görmədim!

Biz də baxa bilsək...

uzaqlara!

Bəlkə də 15 il qabaq belə bir hədis düşündürmüşdü məni. İmam Sadiq asta-asta buyururdu ki, biz əhlibeyt səbirliyik, amma davamçılarımız bizdən daha səbirlidirlər; nədən ki, biz günahın gerçək mahiyyətinin fərqindəyik, onlarsa fərqində olmaya-olmaya, (sadəcə ilahi əmr olduğu üçün) səbr edirlər. Hədisdə gizli bir motivasiya duymuşdum onda, yadımdadır, sanki imam demək istəyirdi ki, siz də gülü ətrindən və tikanından fərq etməyi bacarmalısız, siz də öyrənməlisiz uzaqlara boylanmağı, onda imtina etdikləriniz gözünüzə görünməyəcək və sizi incidən şeylər də, təbii. Necə ki, bizə rahatdır günahdan çəkinmək, onda sizə də rahat olacaqdı yaşamaq...

Belə, əzizim, yazını bitirib eyvana çıxdım indicə, əvvəl pəncərəyə baxdım - ləkəliydi, sonra göyə - ulduzluydu və... aylı!

Uzaqlar həmişə əsrarəngizdir...

  • Like 1
Link to post
Share on other sites

Tanrının eşqi haqqında

Romanlarımın ən maraqlısını oxuması üçün əziz bir yazıçıya göndərəndə belə qəribə irad bildirəcəyini qəti təxmin etməmişdim. Adam qələmini əlinə alıb, ağına-bozuna baxmadan mənə elə belə də yazmışdı: yaxşı romandır, bircə eybi bu ki, müəllif öz yaratdığı obrazlarından birinə aşiqdir.

Nə? Müəllif? Öz obrazına? Yadımdadır, bunu eşitcək mən də ona qədim yunan heykəltəraşı Piqmalionun hekayətini danışmışdım.

Qeyri-adi gözəlliyə malik bir qadın heykəli yaratmışdı Piqmalion, gecə-gündüz ancaq onu seyr edir, get-gedə öz yaratdığı əsərə aşiq olurdu. Piqmaliona elə gəlirdi ki, heç bir xanımın gözəlliyi onun yaratdığı heykəlin möhtəşəmliyi ilə müqayisəyə edilə bilməz. O, öz sevimli heykəlinə gözəl bir ad da seçmişdi: Qalateya! Piqmalion eşq bəlasına tutulmuşdu, xəstələnmişdi, o, Qalateyadan sonra heç bir yeni əsər üzərində işləyə bilmirdi. İndi onun yalnız və yalnız bir məşğuliyyəti vardı: fil sümüyündən öz əlləriylə yaratdığı bu məftunedici qadının çılpaq vücudunu seyr etmək!

Belə çox getməzdi, getmədi də heç, Piqmalion bayram günü bütün cəsarətini toplayıb gözəllik ilahəsi Afroditaya müraciət etdi: yalvarıram, mənim Qalateyama can verin! İstədiyi olmuşdu, Afrodita razılaşmışdı onunla. Sevincindən özünü itirən aşiq emalatxanasına çatanda onu qapıda məhz canlı, isti və əziz Qalateyası qarşılamışdı.

Yəni dəhşətdir - müəllifin öz əsərinə aşiq olması dəhşətdir! Qurani-kərim Yusif və Züleyxa dastanını danışmağa başlayanda ona belə ad qoyur: əhsənul-qəsəs! (Qissələrin ən gözəli). Ustadım israr edirdi ki, bu ünvan qissədki Züleyxanın Yusifə eşqiylə deyil, atası Yəqubun Yusifə eşqiylə bağlıdır. Yusif Yəqubun əsəriydi və Yəqub öz əsərinə aşiq olmuşdu. Düşünün, qırx il ağladı məşuqu üçün həzrət və ağlamaqdan gözləri də tutuldu.

Bəs nə bilmişdiz! Dedim axı, müəllifin öz əsərinə aşiq olması dəhşətdir! Eşqlərin ən böyüsüdür bu, və yəqin ki, ən vazkeçilməzi!

Günəşin hər sabahkı ilıq təbəssümündən bilirəm, Tanrının da aşiq olduğu əsər(lər)i var bu dünyada, insanı var, bəndəsi var... var! Yoxsa bu qədər əsrarəngiz, bu qədər dərin, bu qədər gözəl olmazdı yaratdıqları. Aşiq qadınla eşqsiz qadının bişirdiyi yemək də bir deyil axı, heç! Torpağın yağışdan sonrakı ətrinə and ola, Tanrı kiməsə aşiq olmasaydı bəlkə də çoxdan bağlamışdı bütün bu cansıxıcı dəmdəzgahı, və çoxdan dağılmışdı dünyası. Yox, inanmıram, bu incəlikdə əsəri yaradan varlıq aşiq olmaya bilməz! Hər halından bəlli ki, Onun da bu dünyada məşuqu var, var! Kim(lər)dir? Bilmirik, amma mütləq var!

Böyük Farabi nə deyirdi: hamı bilir mən aşiqəm, amma heç kim bilmir mən kimə aşiqəm.

  • Thanks 1
Link to post
Share on other sites
  • 3 weeks later...

Bu yazı küsəyəndir

Bəzən oğlum elə şeylər haqda danışır ki, tutub bağrıma basmaqdan başqa çarəm qalmır: - axx, İsi, - ürəyimdə deyirəm, - bu həyat çox incidəcək səni, qardaşım! Hələ bir də gördün, "qəlbim, yaman ağrıyırsan, necə sağaldım mən səni?" misrasını da oxudum dilimin altında, hələ bir də gördün, kövrəldim də, bir küncdə sükut kimi büzüşüb ağladım da... mənə nə var e!

Olduqca həssas uşaqdır İsmayıl və dünya bizimçün zindandırsa, həssas adamlarçün zindan içində zindandır - karsdır.

Az olmuyub, "ilahi, nolar, bu ifrat həssaslığı al canımdan" deyə dua etdiyim, və deyəsən, alıb da. Qabaqlar tez-tez vurulan, yıxılan, qırılan mən, indi güclə xatırlayıram son incidildiyimi: ya mən daşlaşmışam, ya ətrafım yumşalıb. Yoxsa, "mən qarışqanı belə incitmərəm" cümləsindəki "belə" sözü qarışqanı incidə bilər - deyən Füzuli kimi həssas adamlar necə yaşasın bu, böyük-kiçik bilməyən, ana-bacı tanımayan tərbiyəsiz həyatda?

 

Tomas Giloviçsə "Sosial psixologiya" əsərində yazır ki, əslində, adamların əksəriyyəti elə İsmayıl kimidir, yəni həssasdır. Sitat:

"Gəldiyimiz qənaətə görə, insanlar hər hansı bir problem yaşadıqda onun hamı tərəfindən görüldüyünü, bilindiyini düşünürlər".

Bu qənaət bir neçə maraqlı eksperimentin nəticəsidir və o eksperimentlərdən biri də belədir: ləkəli köynək geyinmiş neçə nəfəri böyük auditoriyaya daxil edirlər, sonra auditoriyadan kimlərin köynəkdə ləkəni fərq etdiyini soruşurlar. Təcrübəni bir neçə dəfə təkrarlasalar da ləkəni fərq edənlərin sayı 20 faizdən o yana keçmir. Bəs ləkəli köynəyi geyinmiş insanların özləri necə? Hə, əsl söhbət bax, burdadı - onların qənaətinə görə isə səksən faizdən çox insan görüb ləkəni. Təsəvvür edirsiz? 20 faizə qarşı 80 faiz! Dəhşətdir! Bu təcrübəsinin adını “Spot işığı effekti” qoyur Tomas, 1998-ci ildə uğurla təsdiq də olunur.

Maraqlı mesajlar var bu "effekt"də. Tutalım, sən nimdaş geyiminə, qüsurlu nitqinə, hər hansı rəftarına görə "adamlar nə deyəcək" düşünüb min cür kompleks keçirir, həyəcanlanır, əsirsən, halbuki onlar sənin fərqində belə deyillər, əzizim, inan, onlar sənin fərqində belə deyillər!

 

Acınacaqlıdır, biz nə qədər deyəcəklərimizi o qorxuyla demirik, nə qədər yazdıqlarımızı eyni qorxuyla silib atırıq: guya camaat əlində mikroskop bizim davranışlarımızı izləyir, özümüzü sıxırıq, özümüzü incidirik, halbuki, əzizim, həyat başqalarının nə deyəcəyini düşünəcək qədər uzun deyil, üstəlik, hamının başı öz streslərinə qarışıb, heç kim görmür səni, heç kim izləmir, bu düşüncəni (oxu: düşməni) beynində yoxdan yaradan məhz sən özünsən! Odur ki, darıxma, sıxılma, boğulma, rahat ol... -deyir "Spot effekt"i.

Qüsurun kimi, sənin dərdini də fərq edən yoxdur, bu "effekt"in bir də bu mesajı var: sən dərdini deməsən heç kim görən, bilən, çarə edən deyil, yəni ağlamayana pəpə yoxdur. Sən "axı sıxıntım var, niyə heç kim əl uzatmır" deyib didirsən özünü, halbuki onlar sənin sıxıntıda olub-olmadığını bilmir, bilmir, bilmir!!!

 

İki-üç yazı qabaqdır, İsmayıl gecə qorxulu yuxu görüb və buna görə məndən küsüb:

- Ay İsi, nolub? - Qucaqlayıram boynunu.

Dodaqlarını sallayır:

İtlər cummuşdu üstümə, mən səni çağırırdım, sənsə durub sakitce baxırdın... gülmə!!! Nolsun ki, yuxudu, sən atasan, sən orda da qorumalıydın oğlunu...

  • Thanks 1
Link to post
Share on other sites

Qaydaları pozmağın savabı haqqında

 

Gecəni səhərəcən ağrıdan qəşəng-qəşəng, ilan kimi qıvrılmışam desəm, çoxunuz inanmayacaqsız, deyəcəksiz ki, ay qadan alım, ağrımaq ağrımaqdır, bəs "qəşəng-qəşəng" nədir - manyaksan? Siz hələ yaxşısız, təcili yardım maşınında təşrif buyurmuş, bir suyundan da adını unutduğum mələklərdən birinə oxşayan yarı yuxulu həkimsə ağrılarım haqda gülə-gülə danşdığımı görüb köməkçi qıza eynən belə pıçıldadı: deyəsən, adamın başı pozulub!

Bevaxtdı, çox dərinə getmədim, qısaca onu soruşdum ki, sizcə niyə xəstə öz ağrısından ağlaya-ağlaya (deyinə-deyinə) danışanda təbii, gülə-gülə danışanda anormal görsənir? Həkim dinmədi, mənsə naəlac, iki il qabaq ağrıdığı üçün ağlayan oğluma dediklərimi xatırladım: oğlum, əzizim, balam, de ataya, əgər ağlamaq ağrını azaldırsa ata da, ana da, hətta bacıların da sənə qoşulub ağlayaq ki, ağrın sakitləşsin. Azaldır? Azaltmır, axı. Bəs gülmək? Səninlə mərc gələrəm ki, gülmək ağrının azalmasına kömək edir!

Ağrıyarkən ağlamaq, Freydin reqressiyasını əsas götürsək, bizdə uşaqlıq adətidir; dərdini deməyə dili-ağzı olmuyan uşaq başqa neyləsin? Ağlamaq körpənin halının yeganə tərcümanıdır, təbiidir, gözəldir: ağlayıram, yəni narahatam, bir çarə qılın! Bəs bu uzunluqda (və şirinlikdə) dili olan böyük niyə ağrıdığını bildirməkçün zarısın?! Bu, hər iki tərəfin qanını qaraldır axı...

Çətinlikdən gileylənmək çətinliyi bir az da artırır, inanın mənə, "istidir, çox istidir, af, uf, boğuluram" deyərək öz əlimizlə odun üstünə benzin tökmüş oluruq; dərdlə qəşəngcə zarafatlaşmaq lazımdır, ona maraqlı, poetik, fəlsəfi don geyindirmək, və məsələn, demək ki, bu dəfəki ağrım yaman mənalı, qeyri-səlis ağrıdır, fərqlidir, yenidir, bir suyundan da qısqanclıq ağrısına bənzəyir... bir də görəcəksiz, xeyli yüngülləşmisiniz.

Çətinliklərindən xəfif təbəssümlə, ən qəşəng formada danışa biləndə böyüyür adam;

biri gələr dərd danışar, elə gözəl danışar ki, deyərsən heç bitməsin bu dərd, heç susmasın bu zəban; bir başqası isə ilk cümləsindəcə yorar bizi... nədən ki, zarımaq dərdin xurafatıdır...

Deyirəm, qaqam, niyə yay ayaqqabısıyla gəzirsən, çöldə 20 dərəcə şaxta var e! Gülür: "xırda şeydi, abi, müvəqqəti çətinliklərdi, imkan olan kimi qış ayaqqabısı da alarıq, qəşəng palto da götürərik, onu da eləyərik, bunu da eləyərik, hələ üstəlik, abimə qəşəng bir qonaqlıq da verərik, dədə canı, özünü darıxdırma!"

Baxıram ki, adamın dağ boyda ürəyi var, qış ayaqqabısı olmasa nolacaq!

Hə, əzizim, bütün bunları sistem altında, həkimə danışıb əlavə elədim ki, mən də 37 il sonra ilk dəfə qaydanı pozmaq, ağrıyarkən gülmək istədim, pis elədim? Misqal-misqal danışan həkimlərdəndi zalımın qızı, vər-vəsailini yığa-yığa bircə bunu deyib getdi:

Очень приятно!

  • Upvote 1
Link to post
Share on other sites

İncitməyin estetikası haqda

 

Elə bir ətraf formalaşdırmalıyıq ki, heç kim razı olmadığı məqamı deməkdən çəkinməsin, irad bildirəndə amerika kəşf edibmiş kimi həyəcanlı olmasın, hamı rahatca desin sözünü, nədən ki, tənqidsiz fərd də, cəmiyyət də ömür boyu yalnız öz oxu ətrafında fırlanmaqa məhkumdur. Düzdür, mən tərifin də islah edici funksiyasına inanıram, bir dəfə yazmışdım, sevdiklərinizi öz təriflərinizlə islah (tərbiyə) edin; inanıram ki, mərdi qova-qova namərd etmək mümkün olduğu kimi, əksi də mümkündür; yəni birinə “sən yaxşı adamsan” deyə-deyə onun gerçəkdən də yaxşı olmasına zəmin yaratmaq olar. Fəqət təkcə tərif yetmir, tənqid də olmalıdır və hətta tənqid daha vacibdir.

 

Bizim ağrımız fərqli fikir yox, onun ifadə tərzi olmalıdır; maarifçilər birbirilərini göz önündə tənqid etməklə oxucularına aqressiyasız, həyəcansız, tərbiyə və nəzakət çərçivəsində olan tənqid örnəkləri göstərməlidirlər. Ziyalılarımız tənqidə dözməli deyil, ona minnətdar olmalıdırlar.

 

İki-üç il qabaq evdə belə bir layihəmiz vardı, uşaqlar bizə, danışdıqlarımızda razı olmadıqları məqamı rahatca bildirməliydilər: “ata, (ana) səni çox istəyirəm, amma məncə, bunu düz demirsən!” Qəsdən, tez-tez xətalar edirdik ki, onlarda haqqı demək ruhiyyəsi formalaşsın, formalaşıb da, həmd olsun. İndi mən bir ata olaraq danışdıqlarımda balalarımla hesablaşmalı oluram, nağıllarıma belə (ağıllarına batmayanda) müdaxilə edirlər, düzdür, həzm etməsi əvvəldə bir az çətin gəlir, amma sonra bu hər iki tərəf üçün adiləşir, hətta şirinləşir. Odur, bir daha təkid edirəm, təkcə biz övladlarımızı deyil, onlar da bizi böyüdür; təkcə yazıçı oxucusunu deyil, oxucu da yazıçısını öyrədir.

 

Məsələn, mən az qala bir əsrdir, oxucum Gülməmməd kişini balın dərman olmasına inandıra bilmirəm, deyir, ay oğul, şirin şeydən dərman olmaz; dərman acı bibərdir, soğandır, sarımsaqdır, baldan nə dərman? Gülməmməd kişi demək istəyir ki, həqiqət (oxu: tənqid) həmişə acı olmalıdır, mənsə razılaşmıram: həqiqəti acı edən bəzən də onun deyilmə zamanı, məkanı, formasıdır! Tənqidçini aqressivləşdirənsə tənqidə açıq olmamağımız.

 

Əsas odur, elə bir ətraf formalaşdırmalıyıq ki, heç kim razı olmadığı məqamı deməkdən çəkinməsin, irad bildirəndə amerika kəşf edibmiş kimi həyəcanlı olmasın, hamı rahatca desin sözünü, rahatca, lap rahatca, Gülməmməd kişi kimi, elə bil, çörək dilimini əlinin içinə uzadıb sinəsinə yağ çəkir, bal sürtür. Tənqid bir ictimai xadimdən (liderdən, yazıçıdan) nə əskildir, deyə bilərsiz? Amma mən “tənqid ona nə qatır” haqda saatlarla mühazirə oxuyaram.

İnanın, yazıçı bəzən yüzlərlə güldürənlərindən çox, bircəcik ağladanı (oxu: incidəni) üçün darıxır, onu axtarır, onu soraqlayır. Sadəcə, incitməyin də öz estetikası olmalı, əzizim, mənə qalsa bu haqda yazılar yazılmalı, kurslar təşkil edilməli... hətta UNİ-lərdə belə bir əlahiddə ixtisas da yaradılsa yeri var:

incitməyin estetikası!

 

Bir də baxarsan, adam elə fərqli gedər ki, bütün qalanları unutdurar... Min-min güldən daha çox xoşbəxt edər onun tikanı... yəni bütün məsələ bu: iynəni hardan və necə batırmalı!

Odur ki, rahat olun, razılaşmadığınız məqamları - fikirlərimizi, hətta şəxsimizi tənqid edin, bircə istəyim bu ki, tənqid edəndə günah edirmişsiz kimi həyəcanlanmayın, gərginləşməyin, coşmayın, nədən ki, bu ən çox özünüzə ziyandır.

  • Upvote 1
Link to post
Share on other sites

Unudarsam pıçılda!

 

Adam bəzən nə olduğunu, kim olduğunu, harda, niyə olduğunu unudur. Bir xatırlasa... Mən bəzən qəfil xatırlayıram, işin, gücün, sıxıntının tən ortasında birdən yadıma (oxu: başıma) düşür ki, a bala, sən insansan e, Tanrının ən mürəkkəb yaradıcılığı, əşrəfi-məxluqat! Bu nədir, iki yumrusifət çətinliyin qabağında sarılığını udmusan?

Odur ki, məncə, insan ola bilmənin ən çətin tərəfi insan olduğunu həmişə, hər dəqiqə, hər an xatırlaya bilməkdir. Adam unudur, vallah unudur, zirin-zibilin içində o qədər eşələnirsən ki, bilmirsən nəsən, kimsən? Səmalardan gələn bir hatif nidasına ehtiyac olur:

heey, özünə gəl, sən ali varlıqsan!

O səda da gəlir, amma uzağı bir gün, bir həftə, lap olsun bir ay, sonra yenə unudursan hər şeyi. Yoxdur, belə aktiv, onlayn yaddaşımız yoxdur.

"Aləm Allahın göz qabağıdır". Böyük ariflərdən biri belə deyirmiş, əslində biz özümüz də bilirik axı, belə olduğunu, bilmirik? Sadəcə həmişə onlayn olmur bu bilgimiz. Gün ərzində uzağı 5-10 dəqiqə ola-olmaya! Yəni məsələ onlayn-oflayn məsələsidir;

Pusquda dayanmış şeytan da ən çox bu vaxt yaxınlaşır bizə; günaha da onda qurşanırıq; quyular da onda gəlir dürtülür ayaqlarımızın altına - oflayn rejimdə. Rejim demişkən, kompyuterlərdə bir "спящий" rejim var, bir neçə dəqiqə toxunuş olmayanda monitor avtomatik olaraq bu rejimə keçir, elə bil, insan stolunda yayxanıb mürgüləyir, fəqət şair demiş, bircə zərif toxunuşa bənddir hər şey - o boyda kompyuter bütün funksiyaları ilə yenidən xoda düşəcək, yenidən traktor kimi işləməyə başlayacaq!

Bəzən məhz belə bir zərif toxunuşa ehtiyacı olur yatmış həyatımızın - yağış damcısına, külək əsintinə, günəş təbəssümünə...

Tələbəlik vaxtları, xatırlayıram, vardı belə qəribə adətimiz; tutalım, sükutu öyrənə bilməkçün otaq yoldaşımıza tapşırardıq ki, adam içində gördün çox danışıram, tez göz-qaş elə, dirsəklə, ya da ən yaxşısı, "ya Allah" de! Deyərdi, otaq yoldaşımız "ya Allah", deyərdi, özü də söhbətin ənn şirin yerində, qalardıq boğula-boğula, səsimizi xırp kəsərdik, özümüz tapşırmışıq axı!

Bayaq da bir əziz insanıma deyirəm, deyirəm, gördün unutmuşam özümü, xəta edirəm, göz-qaş elə, üflə, çimdiklə, "ya Allah" de, keçir məni oflayndan onlayn rejimə; qəşəng bir türk filmində deyildiyi kimi:

Unudarsam pıçılda!

  • Like 1
Link to post
Share on other sites

Rəsulzadənin həzzi (dərdi) və xalqı haqda

Maarifçilər niyə bu qədər yazıb-pozur, əlləşib-vuruşur, xaqlarını xoşbəxt görmək istəyirlər? Məsələn, elə sosial şəbəkələrdə aktiv olan ziyalılarımız, niyə havayı-kalan belə canfəşanlıq edirlər? Çünki onlar yaxşı başa düşürlər ki, xoşbəxt yaşamağın yolu xoşbəxt cəmiyyətdə yaşamaqdan keçir – tək xoşbəxt olmaq olmur.

Bu, məsələnin bir tərəfidir, başqa bir tərəfi isə odur ki, gərək düzünü deyəsən, maarifçilik işi ləzzətlidir, qəşəngdir, mənalıdır. Xüsusi həzz olmasa kim girərdi belə məsuliyyətli işin altına? Özün üçün yaşamağın bir həzzi varsa, Çe Gevara, Rəsulzadə, Şəriəti... olmağın da başqa, daha anlamlı bir həzzi var. Var! Sən nə üçün hər gün səhər oyanıb gecə yatdığını, bu zəhmətli işi hər gün niyə təkrarladığını bilmirsənsə, onlar bilir, axı qarşılarında çox möhtəşəm bir amalları var: xalqı xilas etmək! Gözəldir e, əzizi-mən, adama qəfil "neyçün yaşayırsan?" sualı veriləndə konkret və aydın cavabının olması çox gözəldir. Bir də var deyəsən "nəəm, yaşıyırıq daa, görək noolur".

Siz elə bilirsiz inqilabçılar, solçular, maarifçilər, ictimai xadimlər... məsələn, Çe Gevaralar, Gandilər, Rəsulzadələr, Zərdabilər... etdikləri işdən, tutduqları yoldan həzz almırdılar? Yanılırsız! Əksinə, onlar bu işlərdən heç birimizin heç nədən ala bilməyəcəyimiz xüsusi həzzlər alır, bəzən hətta mənəvi katarsiz yaşayırdılar. Min-bir əzab-əziyyət çəkirdilər, danmıram, fəqət axı bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir! Sitat:

bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir!

Bəlkə elə ona görə də onlar heç kəsi qınamır, uğrunda əlləşdikləri xalqa (indikilər kimi) minnət qoymur, əksinə, xalqı "uca millət" xitabıyla şərəfləndirirdilər. Bir yazıçı, bir aktyor, bir maarifçi, bir ziyalı, əgər səmimidirsə, “ömrümü bu xalqa həsr elədim, qədrimi bilmədilər” kimi pafoslu gileylər etməməlidir. Adama deyərlər, bəs o yaşadığın həzləri hara yazaq? Axı sən bu zəhmətlərinin qarşılığını alırdın! Şillə, təpik, təhqir, tənə cəzadırsa, mənalı, amallı həyat, xalq sevgisi, tərif, xoş sözlər də mükafatdır, əzizim. Hər şey bir yana, sən bu işlə xoşbxət olurdun, daha nə istəyirsən!

Həyətimizdə rus nənələr var - qırmızı yanaq, canlı matruşkalar, hər gün öz xoşlarıyla gülləri sulayırlar, blokun qabağını süpürürlər, pişikləri yemləyirlər, qar yağdı yolların qarını təmizləyirlər... Soruşursan, niyə edirsiz bunları, nəyinizə lazımdır, nə marağınız var? Cavabları yekdildir: biz bu işlərdən həzz alırıq, vəssəlam!

Etikada bu hala evdemonizm halı deyilir, yəni hamı həzz üçün yaşayır bu həyatda, əzizim, hamı! Sadəcə Rəsulzadələrin duyduğu həzz daha dərin və daha həqiqidir. Onların böyüklüyü də məhz bundadır! Onların ən böyük kəşfi də məhz bu həzzdir. Bu həzzi duydudunsa əbədiyyən dirilirsən, bu həzz yaşadır səni, darda, qarda, boranda, hər halda və hər vəziyyətdə! Necə ki, Rəsulzadəni yaşadırdı və yaşadır!

Baxırsan ona, məəttəl qalırsan; çeşid-çeşid balığı dəryaya atıb, uf da deməyib, çünki o, Rəsulzadədir, Əmindir! Çünki o əmindir: xalq bilməsə də Xaliq bilir. Şair yazmışdı axı:

"Bu qədər qəm nəyə lazım" demə, qəm çək yenə də.
O qəmin qədrini qəm sahibi - qəmxaar bilir.

Əsas da Xaliqdir, nədən ki, Xaliq bildisə, geci-tezi var, xalq da biləcək, necə ki, bilir: bu gün xalq Xaliqin sayəsində hər şeyi bilir.

Bu gün xalq Rəsulzadəni bilir!

Günün mübarək, böyük kişi, sən hər zaman ürəyimizdəsən!

  • Like 1
Link to post
Share on other sites
  • 2 weeks later...

Əlçatmaz bir arzu haqqında

Dənizin kənarında dayanıb uzaqlara baxdığımı görəndə ağac kimi bitmişdi böyrümdə: nə axtarırsan, oğul? Gözümü üfüqlərdən ayırıb həqiqəti axtardığımı bildirmişdim, qımışmışdı: o nədir ki elə, nə boydadı, nə rəngdədi, nə formadadı? Çiyinlərimi çəkmişdim laqeydcə:

- Bilmirəm!

- Bilmirsən?!...

Növbəti cümləsini üzümə su kimi səpmişdi:

- Tanımadığın şeyi tapa bilməzsən, oğlum!

Biz ayrılmışdıq.

Xatirimdədir, düz beş il sonra həyəcanla, qaça-qaça gəldim ayrıldığımız yerə: ustad, bax nə tapmışam! Aldı ovcumdakını, o üzünə baxdı, bu üzünə çevirdi, gözləri parladı: səncə nədir, dedi. Başımı buladım: bilmirəm ki! Həqiqətdir, dedi və dərhal götürüb var gücüylə atdı onu dənizin ta ortalarına. Gözlərim bərələ qaldı: ustad, neylədiniz, niyə belə elədiniz? Eynini belə pozmadan "mən sadəcə Tanrı kimi davrandım", dedi, sonra qayıtdı ki, üzülmə, onsuz da itirəcəkdin onu, nədən ki, axtarmadan (oxu: təsadüfən, oxu: zəhmət çəkmədən) tapdığı şeyin qədrini bilməz insan, bu onun zatı xisləti.

Biz niyə bilmirik, məsələn, sağlamlığmızın qədrini? Çünki biz onu qazanmamışıq, o bir hədiyyədir, paydır, təsadüfən tapılmış cüzdandır. Məsələ bu!

Ovcumuzda sağlamlıq kimi bir böyük xoşbəxtlik varkən yenə dəlicə xoşbəxtlik axtarışında olduğumuzu görüb alır əlimizdən onu Tanrı, atır çox uzaqlara, istəyir ki, zəhmətlə, əziyyətlə özümüz qazanaq sağlamlığı yenidən və bəlkə onda bilək qədrini.

Uzun-uzadı müalicələrdən sonra sağalmış bir xəstəni düşünün, ölümün kandarından qayıtmış bir adam canlandırın təsəvvürünüzdə, hansınız daha xoşbəxtsiniz, hansımız daha xoşbəxtik? Pul daxil, hər şeyin qazanılmışı şirindir, əzizdir, qiymətlidir, məsələ bu!

Bəlkə bir də bu məqsədlə dərhal alar əlimizdən Tanrı xoşbəxtliyi, atar onu uzaqlara: Xoşbəxtlik nədir, necədir, nə boyda, nə rəngdədir? Heç kim bilmir. Bilməməlidir! Görməməlidir! Nədən ki, xoşbəxtlik yalnız müəmma kimi, əlçatmaz arzu kimi gözəldir. Həyatı mənalandıran da elə bu gizlilikdir, sirdir. Allah eləməmiş, birdən insanlar arzuladıqları bütün xoşbəxtliklərə çatsalar...

Koelhonun "Kimyagər"ində ömür boyu həcc arzusuyla yaşamış bir müsəlman obrazı var, bir gün pul-para nəsibi olur və nəhayət ki, eşqlə yollanır ən böyük arzusuna doğru. Fəqət yolu yarılamamış geri qayıdır. Niyə, a kişi, nə oldu, nə baş verdi, nədən qayıtdın? Diz üstdə oturub hönkür-hönkür ağlayır: qorxdum! Qorxdum ki, həyatdakı ən böyük arzuma çatıb elə onun boyda bir boşluğa düşərəm. Qorxdum, mən bərk qorxdum, getmədim. Qoy Həcc mənim həyatdakı ən əlçatmaz ay arzum olsun!

Link to post
Share on other sites

En gozel meshquliyyetlerimden biri de qayidib kechmish xetalarimi duzeltmekdir: sehven qirdiqim qelblere melhem qoymaq, incitdiklerimden uzr istemek, haqqina girdiklerimin haqqini qaytarmaq... zehmetli ve lezzetli ishdir. Inanin, her sheyi olmasa da chox sheyi yoluna qoymaq olur, yeter ki, isteyimizde semimi olaq. Bezen bu gun chekdiyimiz chileler kechmishde unutduqumuz xetalarimizin cezasidir, biz bilmirik. Odur, ustufca qayidib bash chekmek lazimdir oralara, herden...

Link to post
Share on other sites

Hamini dinleyin, amma her soze (her terife) inanmayin, hamini sevin, amma her kesden hediyye qebul etmeyin. Astari qoruya bilmeyeceksizse uz de vermeyin. Bir xeta min doqrunu silir - bu qanunu esla unutmayin!

Link to post
Share on other sites

Vəd olunmuş yazı

Ta əyyami-qədimdən fikir adamlarını düşündürən bir sual var: əsər öz müəllifini anlaya bilərmi? Yəni rəsm rəssamını, heykəl memarını, şeir şairini... bəndə Allahını!

Məsələn, əcəba, bu esse başa düşürmü niyə, necə və hansı məqsədlə yazıldığını? Və görəsən, o roman özü də duyurmu zəif, orta, ya şedevr olduğunu? Bir dəfə müəllimim danışmışdı mənə, zəifdir deyə cırıb atmaq istədyi mətn qəfil dilə gəlibmiş gecə yarısı: "etmə, bunu etmə!" Və yadımdadır, mən də onda Ruminin bu beytini xatırlamışdım gizlicə:

Eşitdim ki, bizi buraxmağa əzm edirsən, etmə!
Başqa bir yar, başqa bir dosta meyl edirsən, etmə!

Bu səhərsə Nizaminin məşhur dastanını düşünmüşəm; kərpic kəsən usta öz işini görə-görə bir şairin şerini zümzümə edir, lakin... hecalar alt-üst, qafiyələr sınıq-sınıq, sözlər tərsəməzzəb... və bütün bunlar şairin düz gözünün qabağında baş verir.

Şair əsəbiləşib çıxır adamın kəsdiyi kərpiclərin (oxu: zəhmətinin, oxu: əsərinin) üstünə, tapdaq-tapdaq eləyir hamısın, qırır, tökür, - demək istəyir ki, olmaz, qardaşım, əsəri bu hala salmaq olmaz!

Əsər müəllifin namusudur, qeyrətidir, ağrısıdır, həssas yeridir. Əsərə hörmətsizlik ilk növbədə və ən çox onun müəllifinə hörmətsizlikdir.

Rəsm, tutalım, cansızdır, anlamır, duymur, bilmir bunları, müəllif ki bilir...!

Dəfələrlə şahidi olmuşam, əzizim, heykələ sillə vurursan, memarının üzü qızarır... rəsmə laqeydlik edirsən, rəssamın ürəyi qanayır, və özümdən bilirəm bunu: istənilən müəllif əsərinin qeyrətini çəkir: yazıçı da, rəssam da, memar da...

elə Allah da! Və ən çox da Allah!

İnsan Allahın şah əsəridir. Başqa izaha ehtiyac varmı?

Yəni ona vurduğun zərbə, atdığın böhtan, etdiyin təhqir... birbaşa Müəllifinə istiqamətlənir.

Həyat... (necə gəldi yaşadığımız bu həyatı deyirəm), Tanrının ən mürəkkəb, ən dərin poeziya əsəridir; oxumaq yetmir, onun estetikasını duymaq lazım, mövcud olmaq yetmir, onu dərindən yaşamaq lazım! Yəni heca-heca, misra-misra, məna-məna...

Bu kağız, bu qələm, bu da dərya!

İşlərimin qarışdığını görəndə düşünürəm, əcəba, bəlkə Tanrıdır bunu edən? Nizaminin şairi kimi mənə başa salmaq istəyir ki, olmaz, qardaşım, heç kimin əsəriylə belə etmək olmaz! Sən edərsən səninlə də edərlər, səninkiylə də edərlər. Sən edərsən, mən də edərəm! Qisas üçün yox, Tanrı qisascıl deyil, sənə eyni ağrını daddırmaq, həyata qaytarmaq üçün...

Bəs necə? Başqa bütün müəlliflər kimi Tanrının da yalnız bir istəyi var: əsəri düzgün oxunsun, düzgün başa düşülsün, düzgün yaşansın. Bizsə həyat kitabını da üzdən və sürətlə oxuyuruq - quru statistika xətrinə!

Biz həyatı nə hala salmışıq, ilahi!!!

İndi bildiz məsələ nədir? İndi bildiz kələfin ucu hardadır? Min cür zəhmətlə ərsəyə gətirdiyim bir işim qəfil darmadağın olan zamanlarda, yadımdadır, hatifdən gələn belə bir kövrək səs də duymuşdum:

bax gör necə incidir...

Link to post
Share on other sites
  • 3 weeks later...

Bu yazını oxumaq borc deyil

Futbolda olan bəzi məqamlar var ki, qoldan-moldan daha çox ləzzət eləyir adama; tutalım, udan komandanın oyunçularının uduzanları təsəlli etməsi; yıxılanı əlindən tutub qaldırmaq, əzilənə görə topu auta vurmaq və sair və ilaxır. Bu xırda jestlər göstərir ki, qayəsi atıb-aldatmaq olan bir oyunda da insanlıq etmək olar və bu, çox yaxşıdır.

Bir də hansısa insani kampaniyalara qoşulmalarını sevirəm futbolçuların. Təsəvvür edin, Kriştiano fanatlarını kitab oxumağa səsləsin, çıxıb desin, öldürməyin insanları! Yoxsa Balotelli demiş, qol vurmaqda nə var ki? Bir dəfə bu qara oğlandan soruşublar, niyə qol vuranda sevinmirsən? Deyib, bu mənim işimdir, niyə sevinim? Bəyəm, kuryer məktubu aparıb ünvana çatdıranda sevinir? Yess deyib, atılıb düşür?

Düzü, məntiqli söhbətə oxşayır, amma sizin fikriniz məndə olsun.

Üsul elmində belə bir bəhs keçir: Təsəvvür edin, ağa quluna deyir su gətir, qul gətirmir, ağanın onu cəzlandırmağa haqqı varmı, var! Bəs deməsə necə? Sussuzdur, amma demir su gətir. Qul da bilir ağanın susuz olduğunu, amma su gətirmir. Cəzalandırılmağa əsas varmı? Bəlkə də, yoxdur, amma gətirsə... mükafata haqqı var! Niyə? Çünki vəzifədən ziyadə, borcdan artıq bir iş görüb ağası üçün.

Düşünürəm ki, kainat da, həyat da, hətta Tanrı da belədir: borcdan artıq edilənləri mükafatlandırır, əsasən. Namaz borcdur, oruc borcdur, ailəyə baxmaq borcdur. Sanmıram kimsə sırf bunlara görə mükafatlandırılacaq o gün. Borca görə nə mükafat? Hünər borcdan artıq nələrsə etməkdir. Tarix də məhz belələrini yadda saxlayır – vəzifədən ziyadə iş görənləri. Yəni Rəsulzadələri, Tağıyevləri, İmam Hüseynləri, Əbəlfəzləri, Mübarizləri...

Fəzlin də, lütfün də mənası elə budur axı. Lütf edirsiz, yəni borcunuz deyil, borcdan artığını edirsiz.

Ailə yalnız borclar əsasında idarə olunmağa başlayanda dağılır; Məsələn, qadının bəyinə süfrə hazırlaması borcdursa, corab toxuması lütfdür; kişinin evə çörək alması vəzifədirsə, gül alması lütfdür.

Ağrıyla əzabın fərqi nədir, bilirsiz? Öz ağrınsa ağrıdır, əzizinin ağrısısa əzabdır.

Ailənin dərdini çəkmək borcdursa, həqiqətin dərdini çəkmək lütfdür.

Siz heç Allahın dərdini çəkənlər gördünüzmü?...

Haqlısınız, etmədiklərə də aiddir bu lütfkarlıq. Edə bilərdi, etmədi. Bu qadını yoldan çıxara bilərdi, çıxarmadı, filankəsin haqqını yeyə bilərdi, yemədi, yaltaqlıq edə bilərdi etmədi...

Elə bilirsiz yalatqlıq eləmək asandır? Və bunu hamı bacarır? Xeyr. Edə bilib etməməkdir lütf. Bir çoxları yaltaqlıq edə bilmir deyə etmir. Bir dəfə yazmışdım axı, nə çox insan gördüm ki, ölə bilmir deyə yaşayır.

Allah üzümüzə baxmır? İşimiz yolunda getmir? Həyat bizlə xoş davranmır? Bəlkə, lütfümüz yoxdur deyə belədir? Bəlkə, həyatımız yalnız arvad-uşaqdan, qarşılıq güdən addımlardan, quru vəzifələrdən-borclardan ibarətdir deyə belədir? Bəlkə, tez tez “əşşi, nə işimə?” dediyimizdəndir?

Lütfdə eşq var, eşq! Borcsa sadəcə borcdur...

Xırda da olsa olsun, əzizim, kiçik də olsa olsun, qoy lütf olsun, qoy eşq olsun...

bunlarsız Tanrı da darıxar...

Şair nə demiş,

Bu uzun kiprikləri, ilahi,
nə qədər suvarmış göz yaşları...

Link to post
Share on other sites
  • 6 months later...

İncitməyin estetikası haqda

Elə bir ətraf formalaşdırmalıyıq ki, heç kim razı olmadığı məqamı deməkdən çəkinməsin, irad bildirəndə amerika kəşf edibmiş kimi həyəcanlı olmasın, hamı rahatca desin sözünü, nədən ki, tənqidsiz fərd də, cəmiyyət də ömür boyu yalnız öz oxu ətrafında fırlanmaqa məhkumdur. Düzdür, mən tərifin də islah edici funksiyasına inanıram, bir dəfə yazmışdım, sevdiklərinizi öz təriflərinizlə islah (tərbiyə) edin; inanıram ki, mərdi qova-qova namərd etmək mümkün olduğu kimi, əksi də mümkündür; yəni birinə “sən yaxşı adamsan” deyə-deyə onun gerçəkdən də yaxşı olmasına zəmin yaratmaq olar. Fəqət təkcə tərif yetmir, tənqid də olmalıdır və hətta tənqid daha vacibdir.

Bizim ağrımız fərqli fikir yox, onun ifadə tərzi olmalıdır; maarifçilər birbirilərini göz önündə tənqid etməklə oxucularına aqressiyasız, həyəcansız, tərbiyə və nəzakət çərçivəsində olan tənqid örnəkləri göstərməlidirlər. Ziyalılarımız tənqidə dözməli deyil, ona minnətdar olmalıdır.

İki-üç il qabaq evdə belə bir layihəmiz vardı, uşaqlar bizə, danışdıqlarımızda razı olmadıqları məqamı rahatca bildirməliydilər: “ata, (ana) səni çox istəyirəm, amma məncə, bunu düz demirsən!” Qəsdən, tez-tez xətalar edirdik ki, onlarda haqqı demək ruhiyyəsi formalaşsın, formalaşıb da, həmd olsun. İndi mən bir ata olaraq danışdıqlarımda balalarımla hesablaşmalı oluram, nağıllarıma belə (ağıllarına batmayanda) müdaxilə edirlər, düzdür, həzm etməsi əvvəldə bir az çətin gəlir, amma sonra bu hər iki tərəf üçün adiləşir, hətta şirinləşir. Odur, bir daha təkid edirəm, təkcə biz övladlarımızı deyil, onlar da bizi böyüdür; təkcə yazıçı oxucusunu deyil, oxucu da yazıçısını öyrədir.

Məsələn, mən az qala bir əsrdir, oxucum Gülməmməd kişini balın dərman olmasına inandıra bilmirəm, deyir, ay oğul, şirin şeydən dərman olmaz; dərman acı bibərdir, soğandır, sarımsaqdır, baldan nə dərman? Gülməmməd kişi demək istəyir ki, həqiqət (oxu: tənqid) həmişə acı olmalıdır, mənsə razılaşmıram: həqiqəti acı edən bəzən də onun deyilmə zamanı, məkanı, formasıdır! Tənqidçini aqressivləşdirənsə tənqidə açıq olmamağımız.

Əsas odur, elə bir ətraf formalaşdırmalıyıq ki, heç kim razı olmadığı məqamı deməkdən çəkinməsin, irad bildirəndə amerika kəşf edibmiş kimi həyəcanlı olmasın, hamı rahatca desin sözünü, rahatca, lap rahatca, Gülməmməd kişi kimi, elə bil, çörək dilimini əlinin içinə uzadıb sinəsinə yağ çəkir, bal sürtür. Tənqid bir ictimai xadimdən (liderdən, yazıçıdan) nə əskildir, deyə bilərsiz? Amma mən “tənqid ona nə qatır” haqda saatlarla mühazirə oxuyaram.

İnanın, yazıçı bəzən yüzlərlə güldürənlərindən çox, bircəcik ağladanı (oxu: incidəni) üçün darıxır, onu axtarır, onu soraqlayır. Sadəcə, incitməyin də öz estetikası olmalı, əzizim, mənə qalsa bu haqda yazılar yazılmalı, kurslar təşkil edilməli... hətta UNİ-lərdə belə bir əlahiddə ixtisas da yaradılsa yeri var:

incitməyin estetikası!

Bir də baxarsan, adam elə fərqli gedər ki, bütün qalanları unutdurar... Min-min güldən daha çox xoşbəxt edər onun tikanı... yəni bütün məsələ bu: iynəni hardan və necə batırmalı!

Odur ki, rahat olun, razılaşmadığınız məqamları - fikirlərimizi, hətta şəxsimizi tənqid edin, bircə istəyim bu ki, tənqid edəndə günah edirmişsiz kimi həyəcanlanmayın, gərginləşməyin, coşmayın, nədən ki, bu ən çox özünüzə ziyandır.

Link to post
Share on other sites

Xətanın estetikası haqqında

 

Bu qədər çətin olacağını təsəvvür belə etməzdim, tapşırdığı kimi, düz səhər saat səkkizdə oyadacaqdım onu yuxudan, di gəl ki, sən saydığını say, gör fələk nə sayır - olmadı; qalxdım, üzümü yudum, əlimdə dəsmal, qurulana-qurulana ustufca keçdim otağına, nə görsəm yaxşıdır? Zalımın balası kitab əllərini də üzünün altında səliqəylə cütləyib yatıb.

Çox içdən, çox fərqli yatmışdı bu dəfə, ürəyim gəlmədi, oyatmağa qıymadım; elə bildim, onu oyatsam kainatın ümumi mənzərəsi pozulacaq, yox, olmaz, dedim, qoy bir az da yatsın! İşə gecikdi, neçə gün danlandım da bunun üstündə, eybi yox, əsas odur, o estetik görüntü bir saat daha bəzədi kasıb evimizin dekorunu.

 

Anam da beləydi, can dərmanı lazım olsun, içdən yatmışdınsa, bir az da işləmişdinsə dünən, bir az da yorğundunsa, qıymazdı oyatmağa. Səhər durub deyinərdim: ay na, çağıraydın, axı, niyə oyatmadın? Süfrəni düzə-düzə, yox, bala, deyərdi, elə qəşəng yatmışdın ki, oyatmağa qıymadım.

 

Axşam düşüb və mən ulduz-ulduz düşünürəm: bir də qəflət yuxusunda belə yatmaq var - zərif, səliqəli, mışıl-mışıl... Tanrı qıyarmı oyatsın bəndəsini, qıyırmı?... Yazırlar, əbasını kəsmişdi əziz peyğəmbərimiz, üstündə yatdığı pişiyi şirin yuxusundan eləməsin deyə. Yəni məsələnin bir də bu tərəfi var, gündəyməz tərəfi. Yəni günahsız insan yoxdur bu dünyada, günahı kobud eləyən insan var, zərif eləyən insan var - budur məsələ!

 

90-cı illərin, Rəsuli-Əkrəm mədrəsəsini xatırlayıram; İki dost tələbə, eyni ustadın sözündən, eyni saatda çıxırıq, hətta eyni cümləylə! Fəqət niyəsə yalnız birimiz cəza alır. Bu nə ədalətsizlik!!! - Dostum xətkeş sualını da götürüb kəsir ustadın yorğun qabağını: eyni xətaya görə fərqli reaksiya?! Qımışır ustad: xətanızın məzmunu eyniydi, mən razı, amma forması eyni deyildi!

Bəs necə! Hələ illər əvvəl, böyük şəxsiyyətlərdən birinin memuarında oxuduğum bu xatirəyə baxın: yoluna-xəttinə heyran olan bir lotu açır maşınının qapısını: ağa, mən sizinləyəm, deyir: sizə çəp baxanı filan filan eləyərəm!!! (Ağır bir söyüş söyür). Alim qızarmır, bozarmır, adamın söyüş söyməsini pisləmir də heç, əksinə, gülür bığaltı, Allah qəbul eləsin, deyir. Yəni nə? Yəni məsələ xəta deyil, əzizim, onu niyə, harda və necə etməyindir!

 

Qorxmasaydım deyərdim: günahın bir adamı xilas edəcəksə sahibini də, sahibini də xilas edəcək!

Budur, bir ulduz daha yorulur illərin səma asılılığından, atır özünü dəryaların ölüm ağuşuna və mən siyah-siyah düşünürəm: görəsən, yatıb qalan daha çox günahkardır, yoxsa qəşəng yatıb deyə oyatmağa qıymayan?

Bilmirəm...

Link to post
Share on other sites

Uğurlu kişinin arxasında dayanan qadın haqda

 

Zəlzələ kimi oldu bu, qəfil oldu. Uzandığım yerdə əlimi ürəyimə sürtüb hiss elədim ki, dostumçün bərk darıxıram. Hər dəfə qonağı olanda “abi, qadan alım, bir az söhbət elə” deyib tez gitarasını əlinə alan qırışmalı deyirəm; ilk dəfə qəşəng-qəşəng təəccüblənmişdim də: ay qaqam, mən danışacamsa bəs bu ifa nə? Gitarasını ən əziz adamı kimi sinəsinə sıxıb qımışmışdı:

Musiqiylə, dediklərin daha təsirli olur, abi!

Sonralar bir komediya filmində də gördüm bu priyomu; oğul atasından maşının istəməyə gedir, dostunu da yanında aparır ki, bu yalvararkən dostu atasının ən sevdiyi mahnılardan birini zümzümə eləsin; indi siz təsəvvür edin, oğul danışır, dostu qəmli-qəmli mızıldıyır, oğul yalvarır, dostu lap kədərli mızıldıyır... nə gülürsüz, əsas odur, axır, qoparırlar açarı.

Fon vacibdi, çox vacibdi və lap sonralar yadıma düşür ki, düz iyirmi il qabaq mən özüm də fon-fiqura söhbəti eləmişəm; bərk dalaşmış balaca qardaşlarımı barışdırmaqçün köhnə maqnitofonumuzda küçük Əmrahın kədərli mahnılarından birini qoyub demişəm ki, biz dalaşmamalıyıq, qardaşlarım, axı bizim bizdən başqa heç kimimiz yoxdu!

Fon və fiqura! Psixologiyada ən maraqlı mövzulardan biridir; Fiqura - əsas olandır, fon – köməkçi vasitə, altda qalan, kölgə və s. Məsələn, vaizin nitqi fiquradır, ona yerləşdirilmiş musiqi isə fon. Sizə düzünü deyirəm, biz heç bir vacib sözü fonsuz səsləndirmirik, bununçün ən azı bir çay süfrəsi (fon) təşkil etməliyik, doğru olan da budur. Məsələn, yağışlı havada, dəniz kənarında edilən söhbətlər ona görə daha təsirli olur ki, yağış və dəniz nitqimizin təbii fonları olur.

Şəxsiyyət də fondur, nitqin, yazının, əməlin fonu. Burununun üstündəki xalınacan eyni əməli iki fərqli adam edər, tamam fərqli mənalar verər, niyə? Çünki fiquraları eyni olsa da fonları (oxu: şəxsiyyətləri) fərqlidir. Fon deyib keçməyin, fiquranın məzmununu dəyişəcək gücə malikdir o; məsələn, yazırlar, bir gün şeytan həzrət İbrahimdən “la ilahə illəllah” deməsini istəyir, İbrahim (ə) demir; səhabələri təəccüblənirlər: o ki, sizdən pis şey istəmir... Həzrət gülümsəyir: görün onu məndən kim istəyir!

İşimiz, gücümüz, həyatımız alınmırsa bəlkə problem fonumuzdadır? Məsələ budur ki, fon fiquraya uyğun olmalıdır; münasib olmayan fon çox gözəl bir fuquranı bərbad günə qoya bilər və əksinə. Məsələn, adi bir söhbəti çalarlandırıb, mənalandıran da gözəl fondur: qəfil musiqi kəsilir, ayılırsan ki, bayaqdan ləzzətlə oxuduqların adi, çox adi sözlərmiş...

Demək, həyatı hansı fonla yaşayırsınız - əsas olan budur, əmma və lakin unutmayın, fon fiquranı üstələməməlidir. Təsəvvür edin, alimin nitqinə fon-musiqi yerləşdiriblər, musiqi nitqdən daha ucadır, necə təsir edər? Həyatımız doludur, fonu fiqurasından möhkəm olan məsələlərlə, və deyəsən, kələfin bir ucu da elə burdadır.

Yəni misal üçün, ideal ailə sistemində qadın fon, kişi fiqura olmalıdır. Şəxsən mən "hər uğurlu kişinin arxasında bir qadın dayanır" ifadəsini belə başa düşürəm. Bəli, əzizim, fon çox vacibdir, fuksionaldır, həyatidir... bir şərtlə ki, fiquranı üstələməsin.

Link to post
Share on other sites

Özünü söyməyin psixologiyası

 

İllər əvvəl düz gözümün qabağında baş vermişdi bu hadisə, qadına şiddət mövzusunda olduqca məntiqli və arqumental çıxış edən mühazirəçi alimin sözünü daşla, qalaqla kəsmişdi bir dinləyici xanım: bəs siz, müəllim, siz guya xanımınızı döymürsüz? Əvvəl dili tutulmuşdu natiqin, lakin bir xeyli çək-çevirdən sonra özünü ələ alıb düzünü deməyə qərar vermişdi:

Arada olur...

Nə...?! Elə bil, arı yuvasına çomaq soxmuşdun, zal dəymişdi bir-birinə, necə yəni arada olur? Siz zarafat edirsiz? Bəs bayaqdan oxuduğunuz odlu-alovlu mühazirə..? Bəs filan, bəs besməkan...?! Ayıb olsun sizə!

Bütün “daşları” yerbəyer elədikdən sonra vəziyyəti izah etməkçün icazə almışdı natiq: bəli, ayıb olsun mənə, demişdi, amma mən tam ciddiyəm, məsələ belədir ki, mənim şüurumda inqilab olub, qadına şiddətin yolverilməz olduğunu iliyiməcən dərk eləmişəm, lakin əməldə hələ buna tam nail ola bilməmişəm. Axı mənim atalarımda, böyüklərimdə, ətrafımdakı kişilərdə, hamısında, illərlə olub bu qeyri-insani hal, mən necə birdənbirə dəyişə bilərəm? Bu işin cinayət olduğunu bilirəm? Bilirəm! Vəhşilik oduğunu qanıram? Qanıram! Lakin əmələ gələndə bir də görürəm, qəza baş verdi və şiddətin ən iyrənc forması çıxdı əlimdən. Sonra başlayıram ağlamağa, xanımımın dizinin dibində oturub dönə-dönə üzr istəyirəm, bir də olmayacağına söz verirəm... yəni, mən, inanın, çox utanıram özümdən, bu adətimdən qurtulmaq istəyirəm, amma sizə yalan danışmaq istəmədim, hələ tam insan ola bilməmişəm.

- Bəs onda bu çıxışlar nədir, riyakarlıq niyə?
- Bu, riyakarlıq yox, daha çox öztəlqindir, terapiyadır, qızım: insan özünü cəmiyyətə necə təqdim edirsə, sonra gerçəkdən elə olmağa əlləşir - bu, adama stimul verir.

Şəxsiyyət nədir və necə formalaşır?

Bu haqda 10-larla, bəlkə də yüzdən çox teoriya var, hamısı da birbirindən dərin, birbirindən maraqlı. Şəxsiyyət haqda əsaslı danışa bilməkçün ən azı Froydun libidosunu, Yunqun arxetipini, Adlerin natamamalıq kompleksini, Corc Kellinin konstruktunu dərindən bilmək lazımdır. Məsələn, amerikalı psixoloq Leon Festinger deyirdi ki, insanın iki məni var: real mən, başqalarına təqdim edilən mən və şəxsiyyət “real mən” “başqalarına təqdim edilən mən”ə uyğunlaşa-uyğunlaşa formalaşır; belə ki, insan, tutalım, özünü cəmiyyətə (oxu: sosial şəbəkələrdə) təmkinli adam kimi təqdim edir, əslində isə, o, əsəbidir, səbirsizdir, sonra nə baş verir? İki fərqli şəxsiyyəti uzun müddət yaşatmaq çətin gəldiyindən, üstəlik, bu halın adamda daxili diskomfort yaratdığından o, get-gedə “real mən”ini “təqdim etdiyi mən”lə eyniləşdirməyə çalışır və beləcə tədricən bu əsəbi adam sakit, səbirli adama çevrilir.

Başqa sözlə desək, təsəvvür edin, alpinist dağa dırmanır, əvvəl ucunda rıçaq olan kəndiri yuxarı atır, rıçaqı hansısa qayaya ilişdirir, sonra özünü dartıb ora çıxarır. Festinger deyirdi ki, biz şəxsiyyətimizi beləcə, özümüzü yuxarı darta-darta formalaşdırırıq, yəni bizim idealımız bir başqası deyil, elə özümüzük – başqalarına təqdim etdiyimiz özümüz! Yəni təqdim etmə olmasa təkmilləşmə də olmayacaq!

Odur ki, bu hal şəxsən məni narahat etmir, əksinə, mənimçün birinin özünü necə təqdim etməsi elə onun real məni qədər maraqlıdır, nədən ki, bilirəm, nəhayətdə biri digərinə gətirib çıxaracaq. Məsələn, realdan tanıdığım kitabdan uzaq insanlar var, amma eyni adamlar sosial şəbəkələrdə özlərini kitabsevər kimi təqdim edirlər, bu hal məni narahat edirmi? Xeyr! Nədən ki, məsələnin verəcəyi nəticəni bilirəm, bilirəm ki, biz onlara inamımızla dəstək olsaq, biz goreşənlik eləməsək, yaşadıqları daxili diskomfort onları get-gedə həqiqətən də kitab oxuyan edəcək.

Yeri gəlmişkən, səhər tezdən sosial şəbəkələrdə qonşum Gülbalaya rast gəlmişəm, qadına şiddət mövzusunda kişiləri söyüb biyabır eləyirdi, çəkdim kənara ki, ay qaqa, nə iş, mən az qala elə dünən çıxarmışam axı arvadını sənin yumruqlarının altından? Tutuldu zalımoğlu, qəhərləndi, udqundu: qurban olum, özümü söyürəm dənə, vallah özümü söyürəm! Elə bilirəm, nə qədər ağır söysəm, bir o qədər tez əl çəkəcəm bu iyrənc adətimdən.

Deməyim odur ki, əzizim, başqalarına təqdim etdiyimiz mənimiz bizim gələcək real mənimiz ola bilər, imkan verək, lütfən.

Link to post
Share on other sites
  • 3 months later...

Vəd olunmuş yazı Ta əyyami-qədimdən fikir adamlarını düşündürən bir sual var: əsər öz müəllifini anlaya bilərmi? Yəni rəsm rəssamını, heykəl memarını, şeir şairini... bəndə Allahını! Məsələn, əcəba, bu esse başa düşürmü niyə, necə və hansı məqsədlə yazıldığını? Və görəsən, o roman özü də duyurmu zəif, orta, ya şedevr olduğunu? Bir dəfə müəllimim danışmışdı mənə, zəifdir deyə cırıb atmaq istədyi mətn qəfil dilə gəlibmiş gecə yarısı: "etmə, bunu etmə!" Və yadımdadır, mən də onda Ruminin bu beytini xatırlamışdım gizlicə: Eşitdim ki, bizi buraxmağa əzm edirsən, etmə! Başqa bir yar, başqa bir dosta meyl edirsən, etmə! Bu səhərsə Nizaminin məşhur dastanını düşünmüşəm; kərpic kəsən usta öz işini görə-görə bir şairin şerini zümzümə edir, lakin... hecalar alt-üst, qafiyələr sınıq-sınıq, sözlər tərsəməzzəb... və bütün bunlar şairin düz gözünün qabağında baş verir. Şair əsəbiləşib çıxır adamın kəsdiyi kərpiclərin (oxu: zəhmətinin, oxu: əsərinin) üstünə, tapdaq-tapdaq eləyir hamısın, qırır, tökür, - demək istəyir ki, olmaz, qardaşım, əsəri bu hala salmaq olmaz! Əsər müəllifin namusudur, qeyrətidir, ağrısıdır, həssas yeridir. Əsərə hörmətsizlik ilk növbədə və ən çox onun müəllifinə hörmətsizlikdir. Rəsm, tutalım, cansızdır, anlamır, duymur, bilmir bunları, müəllif ki bilir...! Dəfələrlə şahidi olmuşam, əzizim, heykələ sillə vurursan, memarının üzü qızarır... rəsmə laqeydlik edirsən, rəssamın ürəyi qanayır, və özümdən bilirəm bunu: istənilən müəllif əsərinin qeyrətini çəkir: yazıçı da, rəssam da, memar da... elə Allah da! Və ən çox da Allah! İnsan Allahın şah əsəridir. Başqa izaha ehtiyac varmı? Yəni ona vurduğun zərbə, atdığın böhtan, etdiyin təhqir... birbaşa Müəllifinə istiqamətlənir. Həyat... (necə gəldi yaşadığımız bu həyatı deyirəm), Tanrının ən mürəkkəb, ən dərin poeziya əsəridir; oxumaq yetmir, onun estetikasını duymaq lazım, mövcud olmaq yetmir, onu dərindən yaşamaq lazım! Yəni heca-heca, misra-misra, məna-məna... Bu kağız, bu qələm, bu da dərya! İşlərimin qarışdığını görəndə düşünürəm, əcəba, bəlkə Tanrıdır bunu edən? Nizaminin şairi kimi mənə başa salmaq istəyir ki, olmaz, qardaşım, heç kimin əsəriylə belə etmək olmaz! Sən edərsən səninlə də edərlər, səninkiylə də edərlər. Sən edərsən, mən də edərəm! Qisas üçün yox, Tanrı qisascıl deyil, sənə eyni ağrını daddırmaq, həyata qaytarmaq üçün... Bəs necə? Başqa bütün müəlliflər kimi Tanrının da yalnız bir istəyi var: əsəri düzgün oxunsun, düzgün başa düşülsün, düzgün yaşansın. Bizsə həyat kitabını da üzdən və sürətlə oxuyuruq - quru statistika xətrinə! Biz həyatı nə hala salmışıq, ilahi!!! İndi bildiz məsələ nədir? İndi bildiz kələfin ucu hardadır? Min cür zəhmətlə ərsəyə gətirdiyim bir işim qəfil darmadağın olan zamanlarda, yadımdadır, hatifdən gələn belə bir kövrək səs də duymuşdum: bax gör necə incidir...

Link to post
Share on other sites

Artıq mənimlə dalaşmır da heç Nə vaxt nəyləsə bağlı xüsusi məşqlərə başlasam... Məni əsəbiləşdirməkçün gəlib otağımın işığını söndürür, qalxıb yandırıram, yenə söndürür, yenə yandırıram, yenə söndürür... beş dəfə təkrarlanır bu prosses, sonra gülə-gülə yanıma çağırıb deyirəm ki, qızım, gəl ata sənə incitməklə bağlı qızıl bir qayda desin: "əsəbiləşdirmək istədiyin adamın əvvəlcə nəyə əsəbiləşdiyini öyrənəcəksən!" Anası yan otaqdan gileylənir: gör uşağa nə öyrədir e!Qımışıram: əzizim, bir şeyi bacarmayıb etməməyə nə var ki - hünər incitməyin yollarını bilib incitməməkdir. Onu deyirdim axı, nə vaxt nəyləsə bağlı xüsusi məşqlərə başlasam, qurban olduğum, nənəm demiş, elə bil məni güdür, dərhal məhz o şeylə bağlı praktik situasiyalar düzür qabağıma: döz görüm necə dözürsən! Tutalım, mən halsız olanda (təzyiqim aşağı düşəndə, başım möhkəm ağrıyanda və s.) insanlarla adi halda olduğum kimi qəşəng davranmağı məşq edirəmsə, çox istədiyindəndir-nədir, həmin ərəfələr dünyanın ən nataraz adamlarını işıqsız işıq dirəkləri kimi, sırayla düzəcək yoluma: siz bu gün bu adamı nəyin bahasına olur-olsun özündən çıxarmalısınız! Üç qol saatım var, qayışı ən çətin bağlananını taxıram bu günlər, iki kurtkam var, zəncirbəndi tez-tez ilişənini, adamı lap hövsələdən çıxaranını geyirəm bu aralar, qəsdən edirəm bunu və onların "kaprizlərinə" dözdükcə həzz alıram, kef eləyirəm, böyüyürəm, lakin insan... məncə insanın ən çətin sınağı insanladır, məhz bu məqamda "balıq bilməsə də xaliq bilsin" deyə bilmirsən, insan balıq deyil axı, bilməlidir, anlamalıdır, qanmalıdır, deyirsən, qalırsan kəsilə-kəsilə, amma dözməlisən, böyümək istəyirsənsə bu səddi də aşmalısan, hə, bu səddi, məhz insan səddini! 7-8 kərpici üst-üstə düzüb bir zərbəyə sındıran J.Vandamma istehzayla, yaxşı demişdi rəqibi, kərpic cavab vermir. Bəli, kərpic cavab vermir, amma insan verir, ay əzizim, verir, həm də elə bir cavab verir ki, yetişmişin qalır kalın tökülür. Təsəvver edin, siz xanımınızın şəlalə şırıltısına bənzəyən dır-dırlarını təmkinlə, səbirlə, gülər üzlə dinləyirsiniz, (yenicə belə qərar vermisiz, bu reaksiyanı məşq edirsiniz), zalımın qızı nə desə yaxşıdır: "nədi, niyə susursan, yoxsa dalaşmağa başqasını tapmısan?" Onu deyirdim axı, nə vaxt nəyləsə bağlı xüsusi məşqlərə başlasan, qurban olduğum, nənəm demiş, elə bil səni güdür, dərhal məhz o şeylə bağlı praktik situasiyalar düzür qabağına, və bir də görürsən, ən, ən, ən əzizin gedib sağda-solda belə gileylənir: artıq mənimlə dalaşmır da heç...

Link to post
Share on other sites

Görüş yerini dəyişmək olmaz

 

Uzun illər sonra anladım bunu. Az qala qırx yaşın astanasında. Yanılırmışam, səhv duyurmuşam, səhv bilirmişəm, olsun, amma xeyli köməyi dəydi mənə bu yanılmanın; bildim ki, varlığına günəş kimi inandığım hər şey, əslində, günəş olmaya bilərmiş! Bəlkə siz çoxdan vaqifsiniz bu həqiqətə, amma neynim, mən bu gün bildim, bu gün öyrəndim ki, sən demə, bizi sancmağa yaxınlaşarkən ağcaqanaddan çıxan səs heç də polis sireni kimi, ağcaqanadın xəbərdarlıq siqnalı-zadı deyilmiş, ondan asılı olmayan çıxan səsmiş, qanadlarının, bəli, məhz qanadlarının yaratdığı vızıltı! Oysa, biz illər uzunu saf-saf necə bilirdik, nə düşünürdük? Heyif! Hətta mən bir dəfə yazı da yazmışdım bu haqda, yazmışdım ki, əziz xanımlar, heç olmasa ağcaqanad qədər insafınız olsun, sancmaq istəyəndə əvvəlcədən xəbər edin. Yəni bəzən bizə bu qədər yaxın, əlçatar, xırda bir şey haqda da yanıla bilirmişik, ilahi, biz nə acizik! Ağcaqanadı misalçün dedim, lakin dəhşətdir, yanılmaq, gerçəkdən, dəhşətdir, bizə ta uşaqlıqdan aydın olan həqiqətlər haqda yanılmaqsa ümumiyyətlə, dəhşətdir! Təsəvvür edin, bir gün aydın ola ki, əstəğfirullah, nöüzən billah, məşhur Şeytan bizim həyatımızda, əslində, müsbət obrazmış və bizi Tanrının əsarətindən qurtarmağa çalışan bir qəhrəmanmış; onun Tanrı tərəfindən lənətlənməsi də, dustaq edilməsi də bu üzdənmiş... ola bilərmi? Dekart deyirdi ki, ağıllı adam həyatında olan bütün həqiqətlər haqda ən azı bir dəfə şəkk etməlidir. Maraqlıdır, Qurani-kərimdə də belə bir çağırış var: "ey iman gətirənlər, iman gətirin!" Ayədəki dəvətin izahında alimlər çox şey deyiblər, məncə, biri də belədir: ey iman gətirənlər, iman etdiklərinizə şübhə edib yenidən iman gətirin! Lap müasir texnologiyalardakı refreş əməliyyatı kimi, söndürür, yenidən yandırırsınız - əlbəttə, əgər şübhənizin sizi imana götürəcəyindən əminsinizsə. Bir adam tanıyırdım, hər gecə şübhəsini yarpaq-yarpaq soyundurub qarşısında gəzdirər, şux əndamına baxardı, şübhələr gözəl olur axı, bilirsiniz; baxar, xəfifcə toxunardı da, sonra yenidən geyindirərdi: yox, gözəlçə, sən məni azdıra bilməzsən! Bizsə qorxuruq, biz şübhənin gözünün içinə baxmaqdan belə qorxuruq, qorxuruq ki, birdən sehrlənərik, alınmaz, imtina edə, geri qayıda bilmərik... bəlkə haqlıyıq da, bilmirəm, biz bəzən xüsusi analizlər verməyə belə qorxan adamlarıq - birdən qanımızda o pis xəstəlikdən (oxu: Şeytan) çıxar deyə. Bəli, biz beləyik! Bəs çarə nədir? Ömür boyu əsmək, titrəmək? Xeyr! Çarə, bir an belə tərəddüd etmədən xəstəxanaya getmək və lazımı analizləri verməkdir, nədən ki, şəxsən mən hardansa, necəsə əminəm: qanımızdan bütüüün hallarda məhz O çıxacaq - Allah! Şair nə demişdi, Axşam-axşam azan çəkən müəzzinin sözündə də sən varsan, xətamda da sən varsan, düzümdə də sən varsan; Anamın kövrək-kövrək baş qoyduğum dizində də sən varsan, Sən... varsan!

Link to post
Share on other sites

Skelet fəlsəfəsi

 

Dünən yenə MPSU-dayıq, professor O.Gennadievna pəncərədən quşbaşı yağan qara baxa-baxa mənə çox tanış bir mövzu haqda danışır. Bitirməsini gözləyirəm, gözləyirəm ki, dayansın və mən tez dil-boğaza qoymadan deyim ki, əziz müəllimə, mən də bu mövzu haqda yazmışam e, "Anam üçün" romanında, çoxdan, lap çoxdan. Xanım bu gərginliyi hiss edib dayanır, mənsə atımın yüyənini çəkirəm: buyurun, davam edin, çox maraqlı danışırsız... Həmişəki kimi, "skelet" fəlsəfəsi gəlir köməyimə, qoymur özümü yırtım, gözə soxum, tələsim... gülüb keçirəm. Bəli, mən bəzən "skelet" fəlsəfəsinin diktəsiylə özümə gülürəm, deyirəm, ayıb olsun, bu boyda kişiyə bax, gör nəyə görə həyəcanlanmışdı! Məsələ belə olmuşdu ki, çox illər əvvəl atamgil dünyasını dəyişmiş bir əzizimizçün qəbir qazanda torpağın altında skeletə rast gəlmişdilər, qorxmuşdular təbii, tez atılmışdılar qəbirdən çölə, və gördüyü skelet haqda soruşulanda atamın cavabı beynimə güllə kimi dəymişdi: Dəhşətdir, o necə də hamımıza oxşayırdı! Yəni nə, əzizim? Yəni dünya beş günlükdür, yəni hamımızın, HAMIMIZIN sonu bax, elə quruca skeletdir, yəni gözəl, mehriban, qəşəng yaşamaq lazımdır, buraxmaq lazımdır bu qədər mənasız streslərin, gərginliklərin, qırğın-qiyamətlərin başını, sevmək lazımdır, sevmək! Və professorun dediyi, mənim də "Anam üçün"də yazdığım kimi, bu həyatda elə bir yol seçmək lazımdır ki, yolun uzaq sonu deyil, özü maraqlı olsun, yolun özü yetsin adama, yolun özü xoşbəxt edə bilsin insanı və bütün bunlar sevgisiz mümkün deyil. Mən bu qəbir olayından yeni bir sakitləşdirici fəlsəfə yaratmışdım özümçün: skelet fəlsəfəsi! Ana kitabsa lap qəşəng yol göstərir, belə hallarda namazdan mədəd umun, namaza sığının, deyir, və mən bu yerdə, bu sabah etdiyim şükrü xatırlayıram: ilahi, nə yaxşı ki, namaz var, yoxsa dünya bütün sıxıntıları, dərdləri, zülmü, amansızlığıyla üstümüzə gələndə neynəyərdik, harda sakitlik tapar, harda toxtardıq! Anan yoxsa namaz var - namaz bəziləri üçün ana dizidir, ata təsəllisidir, bacı qayğısıdır, qardaş çiynidir... Yəni sonrakı savabıyla-filanla işim yox, namazın (oxu: yolun) özü qəşəngdir, gözəldir, ehtiyacdır... Kiməsə xırda bir dəstək olub, sonra hər yerdə "insanlara yaxşılıq yaramır" deyirsənsə demək, yolun özü, prossesin özü ləzzət verməyib sənə; yaxşılıq eləməmisən, alver eləmisən, indi də qarşılığın ala bilmirsən deyə narahatsan. Yaxşılıq onda yaxşılıq olur ki, sən özün hamıdan çox həzz alasan etdiyindən. Həzz almısansa bəs bu minnət nədir? Həzz almamısansa... ta heçnə! Odur, şiddətli baş ağrılarına dözümünüz yoxsa, yaxşılıqdan həzz ala bilməyənlərdən yaxşılıq qəbul etməyin. Odur, yaxşılıqdan həzz almırsınızsa o yaxşılığı etməyin, lütfən: baş ağrıdacaqsınız. Xanım Gennadievna söhbətini bitirir və bahar günəşinin ilıq şüalarına bənzəyən sarı saçlarını qulaqlarının ardına bənd eləyib məndən soruşur: bir əlavən varmı? - Çox xırda, - deyirəm: - atalarımız "dünya beş günlükdür" deyəndə, əslində, bildirmək istəyirdilər ki, dünya bir günlük deyil, heç iki günlük də deyil, heç üç günlük də! Ən azı, beş günlükdür, yəni bu günün sabahı da var, birisi günü də var, var, var... bunu da unutmamaq lazım! - Nu, da! - deyir sevincək, xəfifcə gülür də. Mən də gülürəm, ikimiz də pəncərəyə tərəf boylanırıq, söhbətimiz beləcə yekunlaşır, qarsa hələ də öz işindədir...

Link to post
Share on other sites
  • 4 months later...

Bedbextliklerin boyuk hissesi istemediyin yerde, (ishde, muhitde) olmaqdan qaynaqlanir. Mecburiyyet hetta sevib-arzuladiqin yeri bele dozulmez yer ede biler seninchun.

Link to post
Share on other sites

Divin Cırtdanı yeməsi haqda

 

Allah ömür verə, müdriklik yaşına çatasan, övladlarını qarşına qoyub belə nəsihətlər də verəsən onlara; məsələn, soyuq bir qış gecəsi, çırta-çırtla yanan odun sobasının böyründə, çiyninizdə damalı yun ədyal oturub bir kitablıq susduqdan sonra deyəsən ki, şəxsiyyətini hər şeydən üstdə tut, oğlum, yoxsa dostlar da düşmənlərə qoşulub tapdayacaqlar onu; bilirsən, igid balam, insanlar ayaq altda olan şeyi əzib-tapdamağı xoşlayır, bu, onların uşaqlıq əyləncəsidir, heç kimi qınama, mənliyin namusundur, qeyrətindir, bayrağındır sənin, onu başının üstündə gəzdir - əlçatmazlarda! Bəs qollar insana neyçün verilib...! O, başını qaldırıb köks ötürə, sən də xımır-xımır davam eləyəsən: bəzən sən zorla saxlayırsan deyə getmək istəyir gedənlər, ata qurban, rahat burax, görəcəksən ki, heç yerə gedən deyillərmiş... Qayıdan səndən yaxşısını tapa bilmədiyi üçün qayıtmışdır, və az su çirki təmizləmir, daha da bulaşdırır, odur, su olmaq kifayət eləmir, gərək həm də kifayət qədər su olasan! Yəni kim olursan ol, kifayət qədər ol... - deyib bir çimdik götürəsən uşağın üzündən. Hə, əzizim, qismət ola, belə-belə maraqlı söhbətlər edəsən uşaqlarınla, hələliksə, qəribədir, onlar məni öyrədir, inanmazsız, amma indi mən onlara düz-əməlli nağıl da danışa bilmirəm - dərhal dillənirlər, müdaxilə edirlər, redaktə edirlər: ata, qoy Cırtdangil bu dəfə it hürən tərəfə getsin... ağzım nədir razılaşmayam? Amma bir şey var ki, bu yazıq Cırtdanı hara aparırıqsa orda da divlə qarşılaşır, yəni cırtdanı döndərdiyimiz istiqamətlərə qabaqcadan div də yollayırıq, neynəyək, divsiz də nağıl olar? Məsələn, fikir versəniz, iş ölüb-öldürməyə gələndə, son anda həmişə Tom Jerrini xilas edir. Niyə? Çünki Jerrisiz (oxu: oyunsuz, davasız, dalaşsız) həyat darıxdırıcıdır, yəni əslində, Jerri Tomun mənasıdır, həzzidir, yaşam həvəsidir; Jerri olmasa Tom da yoxdur... bu pəncərədən boylananda az qalırsan çətinliklərə təşəkkür edəsən, deyəsən, ay əziz dərdlərim, nə yaxşı ki, varsınız, yoxsa mən nə çəkərdim? Düzü, bir dəfə uşaqların israrıyla cırtdanı yuxuya verib divə yem elədiyim də olub, yoxsa qızım etiraz edirdi: "atacan, sən bizi aldadırsan, nağıl qəti inandırıcı deyil, cırtdan o boyda divə qalib gələ bilməz, axı". Sonra bir gün sevinə-sevinə gəlib özü nöqtəsini qoydu söhbətin: "ata, baax, artıq mən də yalan danışa bilirəm: səni çox istəyirəm, amma deyirəm, zəhləm gedir". Ehh, əzizim, Allah bir az ömür verə, müdriklik yaşına çatasan, balalarını qarşına muncuq kimi düzüb onlara şeir oxuyasan: Bir ağacam, əlil ağac kənarında durmuşam; sən olmasan yıxılacam ay ömrümün əsası! Bəxtim qara, günüm qara əlim qara, üzüm qara... neynirəm mən bunları? Mən bir qara istəyirəm: Gözlərinin qarası!

Edited by monashka12
Link to post
Share on other sites

Bütün bunlar nə üçündür?

 

Dənizin kənarında dayanıb uzaqlara baxdığımı görəndə çətir kimi açılmışdı başımın üstündə: "nə axtarırsan, oğul?" Dinməmişdim... İnsan nə edəcəyini, nə üçün edəcəyini bilmədiyi üçün bilmir, əzizim, ayılır yuxudan, məsələn: nə etsin, neyləsin bu gün? Hara getsin, nəylə məşğul olsun? Girinc-avara qalır və bu sərgərdanlıq əməlicə əldən salır onu, yorur, incidir. Tutalım, bir müxalifətçi yaxşı bilir nə edəcəyini, çünki onun konkret hədəfi var. Misal üçün, atasının qatilini tapmış bir qisasçı da darıxmır, sıxılmır heç vaxt, nədən ki, onun da məlum bir planı var - intiqam! Lakin sən, mən, o... ilahi, niyə belə darıxırıq, hələ səhərin mavi gözü açılmamış? Dedim axı, insan nə edəcəyini nə üçün edəcəyini bilmədiyi üçün bilmir. Bir hədəfi olmalı insanın, mütləq bir hədəfi olmalı, yox, illah ki, çatmaq üçün deyil, eləcə xəyallara dalmaq, eləcə arzulamaq üçün. Bəzi hədəfləri arzulamaq belə yetir, əzizim, eşq qatır monoton gündəliyimizə, ən rutin işlərimizi belə mənalandırır. Yadımdadır, bir ateist alim müsəlmanların "hər şey zühur üçün" şüarlarını yüksək qiymətləndirdiyini demişdi mənə bir dəfə, bu şüarları olmasa onların bu qədər xidmətlərini, zəhmətlərini, əzab-əziyyətlərini anlamaqda çətinlik çəkər, absurd sayardım, - deyə əlavə eləmişdi: halbuki bütün etdikləri və edəcəklərini mənalandıran, onları bir sapa düzən yaxşıca düşünülmüş böyük bir hədəf (oxu: səbəb) var qarşılarında: "hər şey zühur üçün!" İnsan var olmaqla heç bitməyən və əbədi bir yolçuluğa başlamışdır. Bu yolun sonu yoxdur, yoxdur; kimsə düşünürsə ki, qiyamət günü Rəbbiə qovuşacaq, yanılır. Bu yolda çatmaq yox, yaxınlaşmaq var ancaq, istəmək var, arzulamaq var ancaq. İnsan bütün ömrü Onu arzulamaqla məşğul. Hüzur axtararkən də Onu axtarırıq biz, xoşbəxtlik də elə, sevgi də. Zil-qaranlıq otaqda əl havasiyla kibrit axtaranların halıdır bizimki, şair demiş, kibritəcən neçə əşyaya toxunur əlimiz, neçə şeyi kibrit sanıb götürürük? Çatmaq yasaqdı bu işdə, arzulamaq olar, ancaq. "Kimyagər"dəki ömür boyu həcc arzusuyla yaşamış o müsəlmanın yarı yoldan qayıtması da başa düşüləndir. Qorxub, adam həyatdakı ən böyük arzusuna çatıb nəhəng bir boşluğa düşəcəyindən qorxub, öz əlləriylə ən böyük, ən məsum, ən təmiz arzusunun qatili olmaq istəməyib deyə qayıdıb, məsələ bu... O isə, indicə dənizin kənarında uzaqlara baxdığımı görəndə yenə çətir kimi açılacaq başımın üstündə: "nə axtarırsan, oğul?" Gözümü üfüqlərdən ayırıb həqiqəti axtardığımı bildirəcəm, qımışacaq: "o nədir ki elə, nə boydadı, nə rəngdədi?" Çiyinlərimi çəkəcəm həmişəki kimi. Növbəti cümləsini su kimi çiləyəcək üstümə: "Tanımadığın şeyi tapa bilməzsən, oğlum!"

Link to post
Share on other sites

Yolların oxşarlığı haqda - mövlud yazısı!

 

Səhər-səhər dostum başından çəkdirdiyi MRT-nin şəklini göndərib xahiş edir ki, onu burda yaxşı bir həkimə göstərim. Deyirəm, bəs ordakılar nə dedi? Dil-boğaza qoymadan izah edir: abi, təsəvvür elə, göndərdik, Türkiyə bir söz dedi, Gürcüstan bir söz, Bakı isə tamam başqa nağıl danışdı!... Sonra da əsəbiləşir xəfifcə: "abi, dəhşətə gəlirəm e, eyni beyin, eyni MRT, eyni şəkil, di gəl ki, hər həkim baxıb bir şey oxuyur, bu necə ola bilər, axı?" Qımışıram: qardaşım, bəs belədir də, bəs müsəlmanın başına gələn bəlalar da oxunuş bəlası deyil - nədir? Eyni mətndi, eyni ayələrdi, eyni Qurandı, lakin hərə bir cür şərh edir... Sonra da bu mübarək səhərin, bu mübarək vaxtı kövrək bir arzu gəlib dolur ürəyimə: kaş Quranımızı bu günün qəhrəmanı o təbib, o Mövla şərh edəydi bizə, kaş bu imkanı tanıyaydılar ona, samanlıq seyran olmazdımı? İmam Əlini bilib-tanıyandan həmişə ağlımda onunla bağlı bir sual dolaşıb: görəsən, həzrət quyuya nəsə danışarkən, quyuya nə danışarmış - dərdmi, sirrmi, hikmətmi, nə? Çox şey bilmək heç kimə çox danışmaq bəraəti vermir axı, əzizim, çox danışmaq az qala və təəssüf ki, bütün hallarda yorucudur; bir yandan da səni anlaya biləcək müxatəbin olmaması bəlası... nə biləsən, bəlkə Mövla da quyuya dərd deyil, məhz bildiyi saysız-hesabsız həqiqətləri danışarmış. Bir neçə kitab oxumuşam imam Əli haqqında, lakin Malik Əştərin bu arzusu qədər tanıdan olmayıb onu mənə: ya Əli, kaş imkanım olaydı, səni elə bir zamana aparaydım ki, insanlar səni başa düşəydilər... varmı elə bir zaman, olubmu, gəlibmi, keçibmi... və görəsən, bu gün yaşasaydı İmam, yenə də quyuyamı danışardı ürəyindəkiləri...? Ehh, əzizim, sabah dostumun MRT şəkillərini götürüb şəhərin ən yaxşı mütəxəssislərindən birinə göstərəcəm, və çox yəqin, o da tamam başqa bir "rəvayət" danışacaq mənə, mən baxacam mat-mat, dostumsa başını itirəcək, necə ki, müsəlman dünyası itirib başını. Mövludun mübarək, ya Əli, kaş məhz sən oxuyaydın Quranımızı bizə, kaş məhz sən şərh edəydin, sən açaydın onun sirlərini... bizə, bizə, bizə, quyulara deyil. Yoxsa ki, şair çox dəqiq deyib, Mövlam, yollar çox oxşar yolardı, bələdçisiz azır insan.

Link to post
Share on other sites
  • 3 months later...

Məzlumun günahı haqqında
(Viktimologiya)
Deyir, dünyamız ona görə gülüstanə (oxu: Cənnətə. oxu: Eldoradoya) dönmədi ki, suları tikanların dibinə tökdülər. Razıyam, lakin məncə, dünyamız həm də ona görə gülüstanə dönmədi ki, alaq adına ancaq konkret bir tikanın dibini qazıdılar; məsələn, bir hadisə baş verdi, yığışıb elliklə ancaq və yalnız və yalnız zalımı qınadılar, bir nəfər də çıxıb şir ürəyi yemədi, demədi ki, əzizim, bu haqq-hesabda məzlumun da, məzlumun da payı var.
Dünən guya bu gedişatı pozmaq istədim, cürətimi çamadanıma yığıb yazdım ki, dünyamızı yaşanmaz yer edən - zəif, zədəli, yaralı, kompleksli və narahat adamlardı. Dəral səsləri ucaldı dostların: "bəs zalımlar, bəs məzlumu məzlum eləyən zalımlardı axı, onlardan yazın". Razılaşmadım: məzlumu məzlum edən təkcə zalım deyil, həm də məzlumun özüdür! Başqa sözlə desək, zalımı zalım edən həm də məzlumdur!
Əvvəllər əsasən kriminologiyada istifadə olunan, yalnız son illər müstəqil ünvana çevrilən yeni bir elm var - Viktimologiya! (Mən bizim dilə onu "Qurbanşünaslıq" kimi tərcümə etmişəm). Viktimologiyanın ən ana mövzusu budur: "məzlum necə olur ki, məzlum olur?" Viktimologiya elmi haqlı olaraq iddia edir ki, ortada hər hansı bir konflikt (oxu: zülm) varsa o cinayətdə ya əllinin əlliyə, ya altmışın qırxa, ya yetmişin otuza... hər iki tərəfin payı var. Viktimilogiya, "illərdir təkcə zalımın üstünə düşmüsüzünüz deyə dünyada zülm hələ də davam edir", deyə hayqırır. Və sair və ilaxır.
Hamıya qoşulub məzlumun başını sığallamaq, ona qahmar çıxmaq çox da çətin iş deyil indi, inanın, çətin olan - onun yaxasından tutub silkələmək və deməkdir ki, əzizim, dəyərlim, canım qardaşım, bilirəm, haqqın əlindən alınıb, məyussan, yaralısan, lakin gəl qəbul elə ki, bu naqolay işdə sənin də payın var! Çətindir, ona görə ki, zalımına gücü çatmayan bu əziz məzlum bir göz qırpımında üstünə kükrəyib səni parçalamağa hazırdı, (Freydin "yerdəyişmə"si) yetər ki, komfort zonasını pozmayasan, sən də başına sığal çəkib, fil qulağında yatırdasan onu, hamı kimi.
Qulağınıza bir şey pıçıldayım? "Məzlum olmaq bəzilərinə sərf eləyir".
Özümə dəstək üçün demirəm, gerçəkdən, hərdən düşünürəm, mərhum Şəriəti də "sizi narahat etməyə gəldim" deyəndə əsasən belə məzlumları nəzərdə tuturdu. Lakin yazıdakı iddianı daha dərindən başa düşmək üçün, təklif edirəm, Sinelnikovun məşhur "qurban və zalım" modelini oxuyun, bir də Quran oxuyun, bir də Nəhcül-bəlağə. İki həftədir mən də, mən də oxuyuram.

Link to post
Share on other sites
  • 7 months later...

Xeyli əvvəl yazmışdım ki, bir çox problemlərin kökündə məsələləri bənzətmək, oxşatmaq, qatmaq, qarışdırmaq durur. Odur ki, elə ta o vaxtdan dilimin əzbəri olub bu söz, hər hansı bir mübahisənin şəbi-yəlda kimi uzanmağa başladığını ki gördüm, tez basıram stop düyməsinə: qardaşım, dayan, bir dəyqə dayan! Lütfən anlayışları qarışdırmayaq! 
Məsələn, illərdir atalarımız "qozbeli qəbir düzəldər" deyib durur, bəs sizcə necə, gerçəkdən, düzəldər? Məncə, anlayışları qarışdırmayaq, düzəltmək başqadır, sındırmaq başqa - qəbir qozbeli olsa olsa sındırar, düzəltmək daha zərif, daha estetik bir məharətdir. 
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə sevir, sındırırsa nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.

Link to post
Share on other sites

İlahi, əlimdən tut, zorla çək məni öz yoluna, deyir sanki. And olsun, məni öz mərifətimin ixtiyarına qoysan, gözləsən ki, guya özüm idrak edib gələcəm... yox, təkliyin haqqı, gələn deyiləm! Özümü tanıyıram axı! 
Mən öz əziz anasını incidən nankoram ey; mən mələk kimi qızın sərçə qəlbini qıran hozuyam ey; ətrafındakı haqsızlıqları görməzdən gələn, yalnız öz qarnını, öz güzəranını, öz xoşbəxtliyini düşünən adamdan nə mərifət?! Mənim ixtiyarıma qoysan batdım, qurban olum. Odur ki, Sən özün zorla çək məni özünə sarı, istəsən üstümə qəzəblən də, incit də, amma məni öz ixtiyarıma buraxma!
Bəs Allah nə deyir cavabında: yox, əziz bəndəm, yolun qaydası budur, bizdə zor yoxdur, məcburiyyət yoxdur, ancaq özün gəlməlisən! Yəni qəbir qozbeli düzəltmir, sındırır, Allaha isə sənin düzəlmiş halın lazımdır, sınmış deyil.
İbadətlər məhz bunun üçündür - bizi hissə-hissə, asta-asta, incə-incə (oxu: sındırmadan) düzəltmək üçün. 

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Согласно соответствующему решению Коллегии Министерства образования, с 17 мая будет частично восстановлена очная форма обучения в общих и внешкольных образовательных учреждениях, расположенных на территории Абшеронского района и городов Баку, Сумгайыт, Гянджа, Шеки.
      В ведомстве отметили, что с указанной даты дети, занимающиеся в рамках дошкольной подготовки и ученики V-IX классов будут посещать школу два раза, а учащиеся I-IV классов - три раза в неделю.
        В школах Гянджи и Шеки, где возможно соблюдение дистанции в 1,5 метра между учащимися, очное обучение будет осуществляться четыре раза, для учеников I-IX классов - пять раз в неделю.
      В учебных заведениях, где невозможно соблюдать вышеуказанную дистанцию, уроки будут проходить два и три раза в неделю соответственно.
      Согласно решению коллегии, в спецшколах и школах-интернатах в Баку, Сумгайыте, Шеки, Гяндже и Абшероне уроки в очной форме будут проводиться пять раз в неделю.
      https://ru.oxu.az/society/492182
        • Upvote
        • Confused
        • Haha
      • 132 replies
    • В одной беседе недавно,я услышала спор о важности кябина. Я удивилась,что современная,образованная девушка доказывала,что загс не на столько важен как кябин (бумага,которая утверждает,что по религиозным правилам пара муж с женой). Девушку,которая вступила в брак без кябина (но по законам госуд-ва),чуть ли не обвинили,что её муж - ей и не совсем муж )) Это были не близкие мне люди,и времени не было спорить.Но меня этот разговор удивил,т к дискутировали с виду очень современные девушки. У всех ли тут заключен кябин между супругами? И готовы ли вы создать семью без кябина? Важно ли это,вообще сегодня?
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 252 replies
    • На балансе мэрии Баку находится 108 зданий, непригодных для эксплуатации. В настоящее время в них ведется процесс переселения жильцов.
      Об этом сказал заведующий отделом Исполнительной власти столицы Ровшан Агаев, сообщает Trend.
      По его словам, в настоящее время на балансе ИВ города Баку находится 11 тыс. многоквартирных домов:
      «108 из этих зданий совершенно непригодны для проживания. Мы уже получили заключение об их непригодности и переселении людей. В данной связи мы обратились в Кабинет Министров страны. В настоящее время идет процесс переселения жильцов».
      Отметим, что несколько дней назад в поселке Бадамдар на голову 14-летнего подростка упала каменная плита, которая сорвалась со здания. Жизнь ребенка спасти не удалось, сегодня он скончался.
      Media.az
      • 72 replies
    • Джони  - первое место, Юсиф Эйвазов - второе. 
       
      Круто. 
      Победитель проекта «Маска» на российском канале НТВ стал певец Jony (Джахид Гусейнли).
       
      Jony скрывался под маской крокодила – певец заявил, что очень хотел оказаться в этом проекте и проявить себя по новому и рад, что у него это получилось.
       
      В свою очередь председатель жюри шоу Филипп Киркоров заявил, что передает ему эстафету на эстраде и очень рад победе Jony.
       
      Отметим, что второе место в проекте занял народный артист Азербайджана Юсиф Эйвазов.
        • Milli
        • Upvote
        • Like
      • 183 replies
    • Apple iphone 11 pro 4/256 gb, ideal veziyyetdedi, problemsiz telefondur, temirde olmayib, eziyi-ciziqi yoxdur, xanim isledib. Alinan gunden kaburadadi. Qutusu, adapter, usb kabel ustundedir.   1600 manat - 070 906-04-20
      • 2 replies
    • 1.6 мотор
      Дизель
      Механика
      В Баку неделю как.
      Пробег 159.000км
      14.200 азн... Реальному сделаю скидку
      Номер для связи
      0557188808(what's app)
       
      • 1 reply
    • Сдается в поселке Мардакян (в районе Dalga Beach)..дача на 50 сотках..двухэтажный дом 250 м2. На первом этаже находится кухня и большая гостиная   ..2 кондиционера. На втором этаже 3 спальни..большой холл..кухня и 2 санузла...2  кондиционера. Во дворе бассейн..фруктовые деревья..имеется место для отдыха на воздухе на первом этаже дома. 
      Цена 3000 манат в месяц.
      Номер для связи и whatsapp: 055-611-16-79 Лейла ханум.
       
        • Confused
      • 1 reply
    • В Лос-Анджелесе завершилась 93-я церемония вручения премии «Оскар». В этом году она прошла быстро и без особых сюрпризов. Меланхоличный роуд-муви «Земля кочевников» стал главным триумфатором церемонии и получил три статуэтки — за лучший фильм, режиссуру (Хлоя Чжао) и лучшую женскую роль (Фрэнсис МакДорманд).
       
      Китаянка Хлоя Чжао стала лишь второй женщиной в истории, получившей режиссерский «Оскар» (первой была создательница «Повелителя бури» Кэтрин Бигелоу). МакДорманд при этом получила награду не только как актриса, но и как продюсер (у нее уже есть премии Киноакадемии за роли в  «Трех билбордах на границе Эббинга, Миссури» и «Фарго»). Лучшим актером признали Энтони Хопкинса, сыгравшего пожилого мужчину с деменцией в «Отце».
       
       
      «Отец», «Иуда и черный мессия», «Манк», «Душа», «Звук металла», «Ма Рейни: Мать блюза» получили по два «Оскара» каждый. «Суд над чикагской семеркой», «Борат 2» и «Новости со всех концов света» остались без наград. Зрительские хиты «Довод» и «Еще по одной» победили в номинациях «Лучшие визуальные эффекты» и «Лучший иностранный фильм» соответственно.
      Из 36 номинаций Netflix победой обернулись лишь семь: «Манк» (работы оператора и художника-постановщика) , «Ма Рейни: Мать блюза» (грим и прически, костюмы), «Если что-то случится, я люблю вас» (лучшая анимационная короткометражка), «Два далеких незнакомца» (лучшая игровая короткометражка) и «Мой учитель-осьминог» (лучший документальный фильм).
       
      В этом году церемония проходила не только в театре «Долби», но и в здании железнодорожного вокзала Union Station. Для зарубежных гостей организовали локации в их странах. Подробнее об изменениях этого года мы рассказывали тут.
       
      Подробно о церемонии можно узнать из прямой текстовой трансляции КиноПоиска. Там мы собирали мемы, лучшие платья, речи героев и реакции соцсетей.
        • Like
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...